← Psalms (65/150) → |
1. | Ey Allah, Səni Sionda həmdlər gözləyir, Sənə edilən əhd yerinə yetiriləcək. |
2. | Ey duaları eşidən, Bütün bəşər hüzuruna gələcək. |
3. | Mən günaha batmışdım, Lakin Sən üsyankarlığımızı kəffarə edirsən. |
4. | Nə bəxtiyardır evinin həyətlərində yaşayan, Seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs məbədinin Nemətləri ilə doyacağıq! |
5. | Sən ey qurtuluşumuzun Allahı, Zəhmli işlərinlə ədalətini göstərirsən, Bizə cavab verirsən. Sən yer üzünün bütün ucqarlarının, Ən uzaq dənizlərin belə, ümidisən. |
6. | Sən qüdrətə bürünmüsən, Qüvvətinlə dağları möhkəmlətmisən. |
7. | Dənizlərin uğultusunu, Dalğaların gurultusunu, Ümmətlərin çaxnaşmasını Yatıran Sənsən. |
8. | Dünyanın ucqarlarında yaşayanlar Sənin əlamətlərinə mat qalırlar. Gündoğandan günbatanadək bütün insanlar Sənə mədh oxuyurlar. |
9. | Yer üzünün qayğısına qalıb su verirsən, Onu çox məhsuldar edirsən. Ey Allah, çayın su ilə doludur, Torpağı taxıl üçün hazır edirsən. |
10. | Torpağın şırımlarını sulayırsan, Aralarını bərkidirsən, Gur yağışla torpağını yumşaldırsan, Məhsuluna bərəkət verirsən. |
11. | Yaxşılıqlarınla tac qoyursan, Yollarından yağ damır, |
12. | Çöl otlaqlarına tökülür, Təpələr sevincə bürünür. |
13. | Çəmənlərin sürülərlə dolur, Dərələrini taxıl bürüyür. Onlar cuşa gəlib tərənnüm söyləyir! |
← Psalms (65/150) → |