| ← Psalms (64/150) → |
| 1. | Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm, Həyatımı düşmən vahiməsindən qoru. |
| 2. | Pislərin fəndlərindən, Şər iş görənlərin vəlvələsindən Məni qoru. |
| 3. | Onlar qılınc kimi dillərini itiləyirlər, Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar, |
| 4. | Günahsız insana pusqu qurduqları yerlərdən Qəfildən, çəkinmədən atırlar. |
| 5. | Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər, Gizlənib tələ qurmaq üçün məsləhət edirlər, «Bunu kim görəcək?» deyirlər. |
| 6. | Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər: «Ustalıqla fənd işlətdik». İnsanın daxili, qəlbi görünməz. |
| 7. | Lakin Allah onlara ox atacaq, Onlar qəflətən yaralanacaq. |
| 8. | Öz dilləri özlərini yıxacaq, Onları görənlər başını bulayıb xor baxacaq. |
| 9. | Bütün insanlar qorxacaq, Allahın əməllərini bəyan edəcək, Onun işləri barədə düşünəcək. |
| 10. | Saleh insan Rəbbə görə sevinəcək, Ona pənah gətirəcək. Bütün ürəyidüz insanlar Rəbbə həmd edəcək! |
| ← Psalms (64/150) → |