← Psalms (63/150) → |
1. | Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm. |
2. | Müqəddəs yerdə Səni seyr edirdim, Qüdrətini, əzəmətini görürdüm. |
3. | Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir. |
4. | Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm. |
5. | Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq. |
6. | Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm. |
7. | Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam. |
8. | Könlüm Sənə bağlanır, Sağ əlin məni möhkəm tutur. |
9. | Amma canımın qəsdinə duranlar Yerin dibinə batacaqlar, |
10. | Qılıncın ağzına tuş gələcəklər, Çaqqallara yem olacaqlar. |
11. | Amma padşah Allaha görə sevinəcək, Adına and içən hər kəs həmd söyləyəcək, Yalançıların isə ağzı yumulacaq. |
← Psalms (63/150) → |