← Psalms (6/150) → |
1. | Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh etmə. |
2. | Ya Rəbb, mənə rəhm et, Çünki taqətim qalmayıb. Mənə şəfa ver, ya Rəbb, Sümüklərim sızlayır. |
3. | Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq? |
4. | Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et! |
5. | Səni ölüb-gedən insan xatırlamaz. O necə ölülər diyarından Sənə şükür etsin? |
6. | Öz ah-naləmdən bezmişəm, Hər gecə ağlamaqdan döşəyim islanır, Göz yaşlarımdan yatağım yaş olur. |
7. | Qəmdən gözümün nuru sönüb, Gözlərim düşmənləri görməkdən zəifləyib. |
8. | Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi, |
9. | O, yalvarışımı dinlədi, Rəbb duamı qəbul etdi! |
10. | Bütün düşmənlərim rüsvay olacaq, Canlarına vəlvələ salınacaq, Xəcalət içində bir andaca geri qayıdacaq. |
← Psalms (6/150) → |