← Psalms (59/150) → |
1. | Ey Allahım, məni düşmənlərimdən qurtar, Əleyhdarlarımın əlindən hifz et. |
2. | Məni şər iş görənlərdən xilas et, Məni qaniçənlərdən azad et. |
3. | Canımı almaq üçün məni güdürlər, Güclülər əleyhimə birləşiblər. Ya Rəbb, üsyankar, günahkar, |
4. | Təqsirkar olmadığım halda Onlar mənə qarşı qəti tədbir görürlər. Bir oyan, halımı gör, yardım et, |
5. | Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı! Bütün millətlərə cəza vermək üçün oyan, Xəyanətkar pislərin heç birinə rəhm etmə. Sela |
6. | Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar. |
7. | Gör dodaqlarından nələr tökülür, Ağızlarından qılınclar çıxır. Onlar zənn edirlər ki, eşidən yoxdur. |
8. | Lakin, ya Rəbb, Sən onlara gülürsən, Bütün millətlərə rişxənd edirsən. |
9. | Ey mənə qüvvət verən, Səni gözləyirəm! Ey Allahım, qalamsan, |
10. | Mənə məhəbbətini göstərirsən! Ey Allah, imdad etmək üçün çıxacaqsan, Düşmənlərimin qırılmasını mənə göstərəcəksən. |
11. | Ey Xudavənd, Sənsən sipərimiz! Xalqımın yadında qalsın deyə Düşmənləri qırma, lakin gücünlə Onları dağıdaraq məğlub et. |
12. | Günahkar dillərinə görə, Ağızlarının sözlərinə görə Təkəbbürlülərin tələsinə özləri düşsünlər. Yağdırdıqları lənətlərə görə, Dedikləri yalanlara görə |
13. | Onları qəzəbinlə məhv et, Məhv et, qoy bir nişanə qalmasın. Qoy insanlar bilsinlər: Allah səltənət sürür Yaqub nəslinin üzərində, Ta ucqarlara qədər yer üzərində. Sela |
14. | Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar. |
15. | Avara-avara gəzib yem axtarırlar, Doyunca tapmasalar, gecə boyu ulayırlar. |
16. | Mən isə Sənin qüdrətini tərənnüm edəcəyəm, Sübh tezdən məhəbbətini mədh edəcəyəm. Çünki Sən mənə qala olmusan, Dar günümdə mənim pənahımsan. |
17. | Ey mənə qüvvət verən, Səni tərənnüm edəcəyəm! Ey Allahım, qalamsan, Mənə məhəbbətini göstərirsən! |
← Psalms (59/150) → |