← Psalms (58/150) → |
1. | Ey qüdrətlilər, doğrudanmı ədalətlə danışırsınız? Bəşər övladları üçün insaflamı hökm çıxarırsınız? |
2. | Xeyr, qəlbinizdən fitnə-fəsad çıxır, Bu dünyada əlinizdən zorakılıq gəlir. |
3. | Pis adamlar ana bətnindən belə, azğındırlar, Çaşıblar, doğulan gündən belə, yalançıdırlar. |
4. | Onlar əfi ilan kimi zəhərlidirlər, Qulaqlarını tıxayan gürzəyə bənzəyirlər. |
5. | Onlar ilanoynadanın səsinə gəlmir, Usta bir ovsunçu onu ovsunlaya bilmir. |
6. | Ey Allah, onların ağızlarındakı dişlərini qır, Ya Rəbb, bu gənc aslanların dişlərini çıxar. |
7. | Qoy onlar su kimi axıb yox olsun, Kaman üstündəki oxlarının ucları qırılsın. |
8. | İlbiz kimi gedərkən ərisinlər, Ölü doğulan körpələr kimi günəş nuru görməsinlər. |
9. | Ocaqda qazanlarını qızdırmazdan əvvəl kol-kosları sovrulsun, Nə qurularından, nə də yaşlarından heç nə qalmasın. |
10. | Pislərdən qisas alındığını görən salehlər şad olacaq, Ayaqlarını onların qanına batıracaq. |
11. | İnsanlar belə deyəcək: «Bəli, salehlər barlı olar, Həqiqətən, dünyanın hökmranı olan bir Allah var!» |
← Psalms (58/150) → |