← Psalms (57/150) → |
1. | Mənə rəhm et, ey Allah, mənə rəhm et! Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən Qanadlarının altına sığınacağam. |
2. | Allah-Taalanı çağırıram, Mənim üçün hər şeyi verən Allahı çağırıram. |
3. | Göydən mənə qurtuluş göndərəcək, Başımı yemək istəyəni rüsvay edəcək. Sela Allah Öz məhəbbətini və sədaqətini göndərəcək. |
4. | Sanki aslanların arasındayam, Yandırıb-yaxan adamların arasında yatıram. Dişləri nizədir, oxdur, Dilləri iti qılıncdır. |
5. | Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun! |
6. | Yolumda tələ qurub canımı üzdülər, Mənə qazdıqları quyuya özləri düşdülər. Sela |
7. | Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb, Qoy ilahi oxuyum, Səni tərənnüm edim. |
8. | Ey mənim ruhum, oyan! Ey çəng və lira, oyan! Qoy səhəri oyadım. |
9. | Ey Xudavənd, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm. |
10. | Məhəbbətin böyükdür, göylərə çatır, Sədaqətin buludlara dəyir. |
11. | Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun! |
← Psalms (57/150) → |