← Psalms (55/150) → |
1. | Ey Allah, duamı dinlə, Yalvarışımdan gizlənmə! |
2. | Yaxşı qulaq as mənə, bir cavab söylə, Düşüncələrim məni narahat edir, Çaş-baş qalmışam. |
3. | Düşmənin səsindən, Zalımların zülmündən narahatam. Məni onların şər işləri sarsıdır, Onlar qəzəblə mənə qəsd-qərəz qurur. |
4. | Köksümdəki ürəyim sancır, Düşdüyüm dəhşət ölümdən betərdir. |
5. | Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb. |
6. | Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım. |
7. | Doğrudan da, uzaqlara qaçardım, Çöllərdə məskən salardım. Sela |
8. | Bu sərt yellərdən, qasırğalardan Daldalanmaq üçün tez bir yerə gedəydim». |
9. | Ey Xudavənd, bu şəhəri alt-üst et, Oradakıların dillərinə ayrılıq sal. Orada zorakılıq, dava gördüm; |
10. | Bunlar gecə-gündüz divarlarının üstündə dolanır, Pislik və şər şəhərin içindədir, |
11. | Aralarında qırğın var, Meydanlarından hədə-qorxu və fırıldaq çıxır. |
12. | Əgər məni düşmən təhqir etsəydi, dözərdim, Yağı qarşımda qürrələnsəydi, gizlənərdim. |
13. | Amma bunu sən etdin, ey rəfiqim, Ey yoldaşım, ürək həmdəmim. |
14. | Səninlə şirin-şirin söhbət edərdik, Allah evinə birgə gedərdik. |
15. | Qoy düşmənlərə qəfil ölüm gəlsin, Onlar diri-diri ölülər diyarına düşsün, Çünki şər onların evində və qəlbindədir. |
16. | Mənsə Allahı səsləyərəm, Rəbb məni xilas edər. |
17. | Səhər, günorta, axşam nalə çəkirəm, Ah-zar edirəm, O, səsimi eşidir. |
18. | Çoxları əleyhimə çıxır, Amma O, canımı döyüşdən qoruyur. |
19. | Əzəldən bəri taxtında oturan Allah Məni eşidib onları zəlil edəcək. Sela Çünki onlar əsla dəyişməz, Allahdan qorxmurlar. |
20. | Yoldaşım dostuna əl qaldırır, Dostluq əhdini pozur. |
21. | Onun dili kərə yağından da yağlıdır, Qəlbində isə çəkişmələr yaşayır, Sözləri zeytun yağından yumşaqdır, Amma siyrilmiş qılınclardır. |
22. | Sən qayğı yükünü Rəbbə ver, Qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz. |
23. | Ey Allah, qanlı, hiyləgər adamları Qəbirə endirəcəksən. Onların ömrü yarıya çatmayacaq. Amma mən yalnız Sənə güvənirəm! |
← Psalms (55/150) → |