| ← Psalms (52/150) → |
| 1. | Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər? Sonsuzdur Allahın məhəbbəti. |
| 2. | Ey hiyləgər, dilin insanı məhv edir, İti ülgüc kimi kəsir. |
| 3. | Yaxşılıqdan çox yamanı, Doğru sözdən çox yalanı sevirsən. Sela |
| 4. | Ey hiyləgər dilli, Məhvedici sözləri çox sevirsən! |
| 5. | Allah səni əbədilik qıracaq, Yaxandan yapışaraq evindən çölə atacaq, Dirilər arasından kökünü qoparacaq. Sela |
| 6. | Salehlər buna baxıb qorxacaqlar, Gülə-gülə belə deyəcəklər: |
| 7. | «Bu adam Allaha pənah gətirmədi, Öz bol sərvətinə güvəndi, Başqalarını məhv edərək gücləndi». |
| 8. | Amma mən Allahın evində Yaşıl zeytun ağacına bənzərəm, Daima, əbədilik Allahın məhəbbətinə güvənirəm. |
| 9. | Sənin gördüyün işlərə görə daim şükür edirəm, Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram! |
| ← Psalms (52/150) → |