| ← Psalms (51/150) → |
| 1. | Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil. |
| 2. | Təqsirimi tamamilə yu, Günahımdan məni təmizlə. |
| 3. | Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır. |
| 4. | Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, Məni məhkum etməkdə haqlısan. |
| 5. | Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram. |
| 6. | Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət. |
| 7. | Məni züfa ilə pak et, təmiz olum, Məni yu, qardan da ağ olum. |
| 8. | Mənə şadlıq, sevinc səsini eşitdir, Qırdığın sümüklərim xoşhallansın. |
| 9. | Üzünü tut, günahlarımı görmə, Bütün təqsirlərimi sil. |
| 10. | Ey Allah, məndə təmiz ürək yarat, Daxilimə yenidən sədaqət ruhunu ver. |
| 11. | Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə. |
| 12. | Xilasının sevincini mənə qaytar, İtaətkarlıq ruhu verib mənə dayaq ol. |
| 13. | Qoy Sənin yollarını qanunsuzlara öyrədim, Günahkarlar Sənə sarı dönsünlər. |
| 14. | Ey Allah, məni azad et, Qan tökmək təqsirindən məni qurtar, Dilim ədalətini mədh etsin. |
| 15. | Ey Xudavənd, Sən dilimi aç, Ağzımla Sənə olan həmdlərimi bəyan edim. |
| 16. | Sən qurbanlardan zövq almazsan, Yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan, |
| 17. | Allaha məqbul olan qurban sınmış ruhdur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah! |
| 18. | Lütfünlə Siona yaxşılıq et, Yerusəlimin divarlarını bərpa et. |
| 19. | Onda doğru yolla təqdim edilən qurbanlardan, Bütöv yandırma qurbanlarından zövq alarsan. O zaman qurbangahında buğalar qurban kəsilər. |
| ← Psalms (51/150) → |