← Psalms (50/150) → |
1. | Güclü Rəbb Allah çağırır, Gündoğandan günbatanadək Bütün yer üzünü səsləyir. |
2. | Qüsursuz, gözəl Siondan Allah Öz nurunu saçır. |
3. | Allahımız gəlir, sakit dayanmaz, Önündə yandırıb-yaxan alov var, Ətrafında şiddətli tufan qopar. |
4. | O, xalqını mühakimə etmək üçün Yuxarıdakı göyü və yeri şahid çağırır: |
5. | «Hüzuruma möminlərimi, Qurban verib Mənimlə əhd bağlayanları yığın!» |
6. | Göylər ədalətini bəyan edir, Çünki hakim Allahın Özüdür. Sela |
7. | «Danışıram, dinlə Məni, ey xalqım! Ey İsrail, əleyhinə şəhadət edirəm. Allaham, sənin Allahın Mənəm. |
8. | Qurbanlarından ötrü səni tənbeh etmirəm, Yandırma qurbanlarını həmişə görürəm. |
9. | Tövləndəki buğanı, ağılındakı təkəni Səndən qəbul etmirəm. |
10. | Çünki Mənimdir bütün meşələrdə olan heyvanlar, Minlərlə dağda otlayan mal-qaralar. |
11. | Dağlardakı bütün quşları tanıyıram, Bütün çöl heyvanları əlimin altındadır. |
12. | Acsam, sənə demərəm, Çünki dünyaya, dünyadakı hər şeyə sahibəm! |
13. | Məgər Mən buğa əti yeyirəm? Məgər Mən təkə qanı içirəm? |
14. | Şükür qurbanını Allaha təqdim et, Haqq-Taalaya əhd etdiyin təqdimlərini ver. |
15. | Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, Sən də Məni şərəfləndirəcəksən». |
16. | Pislərəsə Allah deyir: «Qaydalarımı əzbər söyləməyə haqqınız varmı? Əhdimi dilə gətirməyə haqqınız varmı? |
17. | Mənim iradıma nifrət edirsən, Sözlərimi qulaq ardına vurursan. |
18. | Bir oğru görəndə ona qoşulursan, Zinakarlara yoldaş olursan. |
19. | Ağzını şər üçün açırsan, Dilini fırıldaq üçün işə salırsan. |
20. | Oturub qardaşından gileylənirsən, Ananın oğlundan qeybət edirsən. |
21. | Sən belə edəndə Mən dinməmişəm. Məgər Məni özün kimi sanırsan? İndi isə səni tənbeh edəcəyəm, Əməllərini gözünün önünə düzəcəyəm. |
22. | Ey Allahı unudanlar, Buna diqqət edin! Yoxsa sizi parça-parça edərəm, Heç birinizi xilas edən olmaz. |
23. | Kim ki şükür qurbanı təqdim edir, Məni şərəfləndirir. Doğru yol tutan şəxsə Allahın xilasını göstərəcəyəm». |
← Psalms (50/150) → |