| ← Psalms (5/150) → |
| 1. | Ya Rəbb, sözlərimə qulaq as, Ah-naləmə nəzər sal. |
| 2. | Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as, Çünki Sənə dua edirəm. |
| 3. | Ya Rəbb, səhər erkən səsimi eşidirsən, Səhər erkən Sənə dua edib cavab gözləyirəm. |
| 4. | Çünki Sən pislikdən xoşlanan Allah deyilsən, Şər Sənin yanına gəlməz. |
| 5. | Təkəbbürlülər hüzurunda dayana bilməz, Bütün şər iş görənlərə nifrət edirsən. |
| 6. | Yalan söyləyənləri məhv edirsən, Ya Rəbb, qaniçənlərdən, hiyləgərlərdən ikrah edirsən. |
| 7. | Fəqət mən bol məhəbbətin naminə evinə gələcəyəm, Üz tutub müqəddəs məbədinə qorxu ilə səcdə edəcəyəm. |
| 8. | Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt, Düşmənlərimin üzündən Öz yolunu qarşımda düzəlt. |
| 9. | Onların dillərində düz söz yoxdur, Ürəkləri pis niyyətlə doludur. Boğazları açıq qəbirdir, Dilləri yalan danışır. |
| 10. | Ey Allah, onları təqsirkar çıxar, Qoy niyyətlərinə görə bu şər insanlar yıxılsın. Onları saysız günahlarına görə qov, Çünki Sənin əleyhinə qalxıblar. |
| 11. | Sənə pənah gətirənlərsə qoy sevinsin, Qoy Səni daima mədh etsinlər, Çünki onları Sən qoruyursan. Səni sevənlər sevincdən cuşa gəlsin! |
| 12. | Ya Rəbb, salehə xeyir-dua verirsən, Lütfünlə sipər kimi onları hifz edirsən. |
| ← Psalms (5/150) → |