← Psalms (49/150) → |
1. | Siz, ey bütün xalqlar, Bunu dinləyin! Ey dünya sakinləri, |
2. | Ey sadə insanlar, əsilzadələr, Ey zənginlər, fəqirlər, Hamınız qulaq asın! |
3. | Dilimdən hikmətli sözlər çıxacaq, Bu müdrik fikirlər qəlbimdən gəlir. |
4. | Bu məsəllərə qulaq asacağam, Bu müəmmamı mən lira ilə açacağam: |
5. | Niyə yaman günlərdən, Ətrafımda məni təqib edənlərin pis niyyətindən qorxum? |
6. | Onlar var-dövlətlərinə güvənirlər, Bol sərvətləri ilə öyünürlər. |
7. | Amma kimsə öz ömrünü satın ala bilməz, Həyatının haqqını Allaha ödəyə bilməz. |
8. | Çünki insanın canının haqqı çox dəyərlidir, Ən üstün qiymətlər ona kifayət etmir ki, |
9. | İnsan əbədi ömür sürsün, Məzarı heç görməsin. |
10. | Aydındır ki, həm hikmətlilər ölür, Həm axmaqlar, həm də səfehlər tələf olur, Hamının sərvəti başqasına nəsib olur. |
11. | Torpaqlara sahib olsalar belə, Son mənzilləri qəbirdir, Yenə nəsillərdən-nəsillərədək yerləri məzardır. |
12. | İnsan dəyərli olsa da, qalmır, Həlak olan heyvana oxşayır. |
13. | Özünə güvənənlərin yolu ölümə aparır, Özündən razı lovğaların sonu belədir. Sela |
14. | Onlar sürü kimi ölülər diyarına aparılar, Onları ölüm otarar. Səhər açılanda əməlisalehlər onlara hakim olar. Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında Cəsədləri çürüyüb qalar. |
15. | Amma Allah ölülər diyarının əlindən canımı qurtaracaq, Məni oradan alacaq. Sela |
16. | Qorxma bir adam varlı olanda, Evinə sərvət yığılanda. |
17. | Çünki öləndə heç nə apara bilməz, Sərvəti ardınca getməz. |
18. | Sağ ikən özünü xoşbəxt saysa da, Uğur qazananda təriflənsə də, |
19. | Ata-babalarının yanına gedəcək, Sonsuzadək orada işıq görməyəcək. |
20. | İnsan dəyərli olsa da, anlamır, Həlak olan heyvana oxşayır. |
← Psalms (49/150) → |