| ← Psalms (48/150) → |
| 1. | Allahımızın şəhərində, Öz müqəddəs dağında Rəbb çox əzəmətlidir, Bol həmdlərə layiqdir. |
| 2. | Şimala tərəf böyük Padşahın şəhəri – Sion dağı ucalığı ilə gözəldir, Dünyanın sevincidir. |
| 3. | Onun qalalarında Allah Özünü Alınmaz qala kimi göstərmişdir. |
| 4. | Padşahlar bir yerə yığıldılar, Siona yürüş etdilər. |
| 5. | Onu görəndə mat qaldılar, Qorxub tez qaçdılar. |
| 6. | Hamilə qadının ağrısı kimi Canlarına lərzə düşdü. |
| 7. | Sən şərq küləyi ilə Tarşiş gəmilərini parçaladın. |
| 8. | Ordular Rəbbinin şəhərində – Allahımızın şəhərində Nə eşitmişiksə, onu gördük, Allah oranı əbədi saxlayacaq. Sela |
| 9. | Ey Allah, məbədində Məhəbbətin barədə dərindən düşünürük. |
| 10. | Ey Allah, yerin ucqarlarına qədər Adın həmdə layiqdir. Sağ əlin ədalətinlə doludur. |
| 11. | Qoy Sion dağı sevinsin. Sənin hökmlərinə görə Qoy Yəhuda qızları şad olsun. |
| 12. | Sionun ətrafında gəzib-dolaşın, Onun qüllələrini sayın. |
| 13. | Divarlarına fikir verin, Qalalarına diqqətlə baxın. Gələcək nəslə belə deyin: |
| 14. | «Əbədi, sonsuzadək Bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!» |
| ← Psalms (48/150) → |