| ← Psalms (45/150) → |
| 1. | Qəlbim yaxşı sözlərlə çağlayır, Qoy şeirlərimi padşahıma söyləyim, Dilim mahir bir xəttatın qələminə oxşayır. |
| 2. | Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür, Çünki Allah səni əbədilik xeyir-dualı edib. |
| 3. | Ey cəngavər, qılıncını belinə bağla, Əzəmətini, ehtişamını göstər. |
| 4. | Həqiqət, itaətkarlıq və salehlik naminə Döyüş arabasına qalx, Əzəmətinlə uğur qazan. Qoy sağ əlindən möhtəşəm işlər gəlsin. |
| 5. | Nə itidir oxların, Padşahın düşmənlərinin köksünə saplanır. Xalqlar ayağının altına yıxılır. |
| 6. | Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır. |
| 7. | Salehliyi sevib pisliyə nifrət edirsən. Ona görə Allah, sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox səni məsh edib. |
| 8. | Bütün paltarlarından Mirra, əzvay və Çin darçınının ətri gəlir. Fil dişindən olan saraylarından Səni şənləndirən simli alətlərin sədası gəlir. |
| 9. | Şərəfə çatdırdığın qadınlar arasında Şahzadə xanımlar da var. Mələkə olacaq qız sağ qoluna girib, Ofir qızıllarına bürünüb. |
| 10. | Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as, Öz xalqını, ata evini unut. |
| 11. | Sənin gözəlliyin padşahı məftun etsin. O sənin ağandır, ona itaət et. |
| 12. | Sur xalqı yanına hədiyyələr gətirəcək, Xalqın varlıları səndən lütf istəyəcək. |
| 13. | Bu şah qızı sarayına cah-calalla gətirilir, Paltarları qızıl tikmələrə bürünmüş. |
| 14. | Padşahın yanına əlvan libasda gətirilir, Rəfiqələri sağdışı-soldışıdır. |
| 15. | Onlar sevinclə, şadlıqla gətirilir, Padşahın sarayına girirlər. |
| 16. | Ey padşah, ata-baban kimi oğulların olacaq, Onlara bütün yer üzünün hakimiyyətini verəcəksən. |
| 17. | Adını nəsillərdən-nəsillərə çatdıracağam, Xalqlar da sonsuza qədər sənə həmd oxuyacaq! |
| ← Psalms (45/150) → |