← Psalms (44/150) → |
1. | Ey Allah, öz qulağımızla eşitmişik ki, Ata-babalarımızdan bizə çatıb ki, Onların dövründə, qədim zamanda Sən hansı işləri görmüsən. |
2. | Öz əlinlə millətləri torpaqlarından götürdün, Atalarımızı orada yerləşdirdin. Xalqlara bəla verdin, Atalarımızın soyunu şaxələndirdin. |
3. | Onlar qılıncları ilə deyil, Sənin sağ əlinlə torpaqlara sahib oldular. Öz qolları deyil, Sənin sağ qolun onlara zəfər qazandırdı. Onlara üzündən nur verdin, Çünki Sən onları sevirdin. |
4. | Ey mənim Allahım, Sənsən Padşahım, Əmr et, Yaqub nəsli qələbə çalsın. |
5. | Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək. |
6. | Ox-kamanıma güvənmərəm, Qılıncım məni qurtarmaz. |
7. | Yalnız Sən bizi düşmənlərimizdən xilas etdin, Bizə nifrət edənləri rüsvay etdin! |
8. | Gün boyu Allahla fəxr edirik, İsminə sonsuza qədər şükür edirik. Sela |
9. | İndi isə bizi atıb rüsvay etmisən, Ordularımızla yürüşə çıxmırsan. |
10. | Düşmənin qarşısından bizi geriyə qovursan, Bizə nifrət edənlər bizi soyub-talayır. |
11. | Bizi kəsilməyə gedən qoyun kimi etdin, Sən bizi millətlər arasına səpdin. |
12. | Öz xalqını yaman ucuz satdın, Onların dəyərindən çox qazanmadın. |
13. | Bizi qonşularımıza tənə hədəfi etdin, Ələ salıb lağ edənlərlə yan-yörəmizi doldurdun. |
14. | Bizi millətlərin dilinə saldın, Ümmətlərin gülüş hədəfinə döndərdin. |
15. | Rüsvayçılığım daim qarşımı kəsir, Bu xəcalətin üzündən, |
16. | Təhqir, söyüş sözlərindən, Düşməndən, qisasçıdan üzümü gizlədirəm. |
17. | Səni unutmadığımız, Əhdinə xəyanət etmədiyimiz halda Bunların hamısı başımıza gəldi. |
18. | Səndən qəlbimiz dönmədiyi, Yolundan ayaqlarımız büdrəmədiyi halda |
19. | Sən bizi çaqqalların diyarında əzdin, Qatı zülmətə qərq etdin. |
20. | Allahımızın ismini unutmuş olsaydıq, Yad allaha əl açmış olsaydıq, |
21. | Allah bunu araşdırmazdımı? Çünki qəlbin hər sirrini bilən Odur. |
22. | Biz gün boyu Sənin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq. |
23. | Ey Xudavənd, oyan, niyə yatmısan? Qalx, bizi əbədilik atma! |
24. | Niyə üzünü bizdən gizlədirsən? Əzab-əziyyətimizi nə üçün unutdun? |
25. | Qəlbimiz palçıq kimi əzilmişdir, Qəddimiz əyilib yerə dəyir. |
26. | Qalx, bizə kömək et, Bizi məhəbbətin naminə xilas et! |
← Psalms (44/150) → |