| ← Psalms (42/150) → |
| 1. | Maral axar sulara həsrət qalan kimi, Ey Allah, könlüm Sənin həsrətini çəkir! |
| 2. | Ey var olan Allah, mənim qəlbim Sənin üçün susayıb. Ay Allah, nə vaxt gəlib hüzurunda görünüm? |
| 3. | Göz yaşlarım gecə-gündüz qidam olub, Daim mənə deyirlər: «Bəs hanı Allahın?» |
| 4. | Bunları yadıma salarkən ürəyim üzülür, Necə də yüksəkdən sevinc, şükür nidalarını söyləyərək Bayram edən xalqın qarşısında gedərdim, Onları Allahın evinə aparardım. |
| 5. | Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim. |
| 6. | Köksümdəki qəlbim qırılıb, Ona görə İordan diyarında, Xermon, Misar dağında Səni düşünürəm. |
| 7. | Dərin sular şəlalələrinin səsi ilə Dərin suları çağırdı, Sənin ləpələrin, dalğaların başımdan aşdı. |
| 8. | Rəbb mənə gündüz məhəbbət göstərir, Gecə isə həyatımın Allahına Etdiyim dua və ilahi dilimdən düşmür. |
| 9. | Qayama – Allahıma deyirəm: «Niyə məni unutdun? Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?» |
| 10. | Düşmənlərim sümüklərimi qırıb məni təhqir edirlər, Daim mənə «Bəs hanı Allahın?» deyirlər. |
| 11. | Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim. |
| ← Psalms (42/150) → |