← Psalms (41/150) → |
1. | Yoxsulların qayğısına qalan nə bəxtiyardır! Rəbb dar günündə onu qurtarar, |
2. | Rəbb onu qoruyar, salamat saxlayar. O, ölkədə bəxtiyar olar, Düşmənlərinə təslim edilməz. |
3. | Yatağa düşəndə Rəbb ona dayaq olar, Onu bütün xəstəlikdən sağaldar. |
4. | Mən dedim: «Ya Rəbb, mənə rəhm et, Canıma şəfa ver, Çünki Sənə qarşı günah etmişəm». |
5. | Düşmənlərim məndən pis sözlər söyləyir: «Bu nə vaxt öləcək, adı batacaq?» deyirlər. |
6. | Mənə baş çəkənlər yalan danışır, Ürəklərinə böhtan yığır, Bayıra çıxanda bundan danışırlar. |
7. | Bütün mənə nifrət edənlər mənim barəmdə pıçıldaşır, Mənə qarşı pis fikirləri var. |
8. | Deyirlər: «Bu, ölümcül bəlaya düşüb, Budur, yatır, daha qalxmaz». |
9. | Hətta etibarlı saydığım ən yaxın dostum, Çörəyimi yeyən mənə xəyanət etdi. |
10. | Sən, ya Rəbb, rəhm edib məni ayağa qaldır, Qoy onlardan bunun əvəzini çıxım! |
11. | Məndən razı qaldığını bundan bilirəm: Düşmənlərimin mənə qalib gəlmədiyini görürəm. |
12. | Kamil olduğum üçün məndən möhkəm yapışdın, Məni hüzurunda əbədilik dayandırdın. |
13. | Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər! Amin! Amin! |
← Psalms (41/150) → |