← Psalms (40/150) → |
1. | Rəbbi səbir edərək gözlədim, Mənə tərəf dönərək fəryadımı eşitdi. |
2. | O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, Hər addımımı möhkəm etdi. |
3. | Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim. Bax nə qədər adam bunu görəcək, Qorxub Rəbbə güvənəcək. |
4. | Rəbbə ümidlə arxalanan, Təkəbbürlülərə üz tutmayan, Bütlərə aldananlara qoşulmayan İnsan nə bəxtiyardır! |
5. | Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, Belə deyərdim: «Sayı-hesabı yoxdur». |
6. | Qurbandan, təqdimdən xoşun gəlmədi, Yandırma qurbanı, günah qurbanı tələb etmədin, Amma mənim qulağımı açdın. |
7. | O zaman dedim: «Budur, gəlmişəm, Sənin tumarında mənim haqqımda yazılıb. |
8. | Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir». |
9. | Çoxlu camaat arasında salehliyini car çəkdim, Ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım. |
10. | Salehliyini qəlbimdə gizlətmədim, Xilaskar olduğunu, sədaqətini söylədim. Çoxlu camaat arasından Məhəbbətini, həqiqətini gizli saxlamadım. |
11. | Ya Rəbb, mərhəmətini məndən əsirgəmə, Daim məni məhəbbətinlə, həqiqətinlə qoru. |
12. | Çünki sonsuz bəlalar ətrafımı bürüdü, Günahlarım mənə sarıldı. Görə bilmirəm, çünki məndə ürək qalmadı, Onlar başımın tükündən çoxdur. |
13. | Ya Rəbb, lütfünlə məni xilas et, Ya Rəbb, dadıma tez çat! |
14. | Canımı almaq üçün qəsd quranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar. |
15. | Mənə «Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb qalsınlar. |
16. | Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər. Xilaskar olduğunu sevənlər Daim «Qoy ucalsın Rəbb!» desinlər. |
17. | Budur, bir məzlum, bir fəqirəm, Lakin Xudavənd qayğıma qalır. Köməyim, xilaskarım Sənsən, Ey Allahım, ləngimə! |
← Psalms (40/150) → |