← Psalms (39/150) → |
1. | Dedim: «Hər addımıma diqqət edəcəyəm, Dilimlə günah etməkdən çəkinəcəyəm. Pis adam qarşımda durarkən Dilimi yüyənləyib dinməyəcəyəm». |
2. | Dilimi saxlayıb susdum, Yaxşılığa belə, danışmadım. Dərdlərim ağırlaşdı, |
3. | Köksümdəki qəlbimə köz doldu. Dərin düşünəndə yanıb-yaxıldım, Dilimlə belə dedim: |
4. | «Ya Rəbb, mənə bildir, Aqibətim necə olacaq? Ömrümün günləri nə qədər qalıb? Qoy nə qədər fani olduğumu anlayım! |
5. | Budur, günlərim ovcuna sığdı, Ömrüm qarşında heç oldu. Bəli, insan sadəcə bir nəfəsdir. Sela |
6. | Əlbəttə, insan kölgə kimi dolaşır, Həqiqətən, o boş yerə çarpışır, Var-dövlət yığır, kimə qalacağını bilmir. |
7. | Ey Xudavənd, indi mən nə gözləyim? Mənim ümidim Sənsən! |
8. | Məni bütün təqsirlərimdən qurtar, Məni axmaqların tənəsinə hədəf etmə. |
9. | Susdum, ağzımı açmadım, Çünki Sən bunu etdin! |
10. | Göndərdiyin bəlanı mənim üstümdən götür, Əlinin zərbəsindən gör necə əzildim. |
11. | İnsanı təqsirinə görə məzəmmət edən zaman Arzularını güvə kimi dağıdırsan. Bəli, insan sadəcə bir nəfəsdir. Sela |
12. | Dinlə duamı, ya Rəbb, fəryadımı eşit! Biganə qalma göz yaşlarıma. Çünki Sənin yanında bir qəribəm, Ata-babam kimi bir qonağam. |
13. | Bir azca nəzərini məndən çək, Qoy köçüb getməzdən əvvəl dinc yaşayım». |
← Psalms (39/150) → |