| ← Psalms (38/150) → |
| 1. | Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh eləmə. |
| 2. | Artıq Sənin oxların mənə saplanıb, Əllərin üstümə ağırlıq salıb. |
| 3. | Bədənimdə qəzəbindən sağ yer qalmadı, Günahıma görə sümüklərim də xəstəlik tapdı. |
| 4. | Çünki təqsirlərim başımdan aşır, Ağır yük tək onlara gücüm çatmır. |
| 5. | Ağılsızlığımın üzündən Yaralarım iyrənc və irinlidir. |
| 6. | Mənim qəddim əyilib, ikiqat bükülmüşəm, Gün boyu yaslı gəzirəm. |
| 7. | Çünki belim qızdırmadan yandı, Bədənimdə sağ yer qalmadı. |
| 8. | Taqətim kəsildi, çox əzilmişəm, Ürəyimdəki iztiraba görə ah-zar edirəm. |
| 9. | Ey Xudavənd, mənim arzu-diləyim hüzurundadır, Mənim iniltilərim Səndən gizli qalmır. |
| 10. | Ürəyim çırpınır, gücüm tükəndi, Gözlərimin nuru da söndü. |
| 11. | Azarımı görüb məndən dost-yoldaşım uzaqlaşdı, Qohumlarım məndən uzaqda qaldı. |
| 12. | Canımın qəsdinə duranlar mənə tələ qurur, Bədxahlarım ölümümdən danışır, Gün boyu mənim üçün hiylə qururlar. |
| 13. | Mən bir kar kimi eşitmirəm, Dilsiz-ağızsız bir lal kimiyəm. |
| 14. | Dilsiz-cavabsız Bir lal-kar kimiyəm. |
| 15. | Ya Rəbb, ümidim Sənə qalıb, Ey Xudavənd Allahım, Səndən cavab gözləyirəm! |
| 16. | Dedim ki, qoy halıma sevinməsinlər, Ayağım büdrəyəndə qarşımda öyünməsinlər. |
| 17. | Mən yıxılmaq üzrəyəm, Daim əzabla üz-üzəyəm. |
| 18. | Təqsirlərimi etiraf edirəm, Günahlarım üçün nigarançılıq çəkirəm. |
| 19. | Düşmənlərim qüvvətlidir, hələ sağdır, Nahaq yerə mənə nifrət edənlər çoxdur. |
| 20. | Yaxşılığa yamanlıq edənlər Yaxşılığa meyl etdiyimə görə əleyhimə durublar. |
| 21. | Ya Rəbb, məni tərk etmə! Ey Allahım, məndən uzaq dayanma! |
| 22. | Ey Xudavənd, tez imdadıma çat, Mənim xilaskarım Sənsən! |
| ← Psalms (38/150) → |