← Psalms (37/150) → |
1. | Pislik edənlərə görə narahat olma, Fitnəkarlıq edənlərə qibtə etmə. |
2. | Tezliklə onlar ot kimi quruyacaq, Yaşıl çəmən kimi tez solacaq. |
3. | Rəbbə güvən, yaxşılıq et, Bu diyarda arxayın ömür sür. |
4. | Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq. |
5. | Yolunu Rəbbə ver, Ona güvən, O edəcək. |
6. | Rəbb sənin salehliyini nur kimi aydınlaşdıracaq, Həqiqətini gündüz günəşi tək çıxaracaq. |
7. | Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan Hiyləgər insan üçün narahat olma. |
8. | Qəzəbi at, hiddətdən çəkin, Narahat olma, bunlar insanı şərə salar. |
9. | Çünki şər adamlar kəsilib atılacaq, Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq. |
10. | Bir az gözlə, pis yox olacaq, Yerini axtarsan belə, tapılmayacaq. |
11. | Həlimlər yer üzünü mülk olaraq alacaq, Əmin-amanlığın bolluğundan zövq tapacaq. |
12. | Şər adam salehin qəsdinə durur, Ona qarşı dişlərini qıcayır. |
13. | Amma Xudavənd şər adama gülür, Onun dövranının az olmasını bilir. |
14. | Məzlumu, fəqiri yerə vurmaq üçün, Düz yolda olanı boğazlamaq üçün Pislər qılınc çəkər, ox-kamanını qurar. |
15. | Lakin onların qılıncları öz ürəklərinə saplanacaq, Ox-kamanları parça-parça olacaq. |
16. | Salehin az malı Pislərin bütün sərvətlərindən yaxşıdır. |
17. | Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır. |
18. | Rəbbə kamillərin gündəlik qayğıları məlumdur, Onların irsi əbədi qalacaq. |
19. | Dar gündə utanmayacaqlar, Qıtlıqda tox yaşayacaqlar. |
20. | Lakin pislər həlak olacaq, Rəbbin düşmənləri çəmənin təravəti kimi solacaq, Tüstü kimi çəkilərək yox olacaq. |
21. | Pis adam borc alır, qaytarmır, Salehlər səxavətlə paylayır. |
22. | Rəbdən bərəkət alan ölkəni mülk olaraq alacaq, Lənət etdiyi kəslər kəsilib atılacaq. |
23. | Rəbb insana gedəcəyi yolu göstərir, Kimdən razı qalırsa, onu möhkəmləndirir. |
24. | Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar. |
25. | Gəncliyimdən qocalığımadək Salehin tərk edildiyini, Nəslinin çörək üçün diləndiyini görməmişəm. |
26. | O hər zaman səxavətlə borc verər, Övladlarına xeyir-dua gələr. |
27. | Şərdən çəkinib yaxşılıq et ki, Ölkədə əbədi məskən sala biləsən. |
28. | Çünki Rəbb ədaləti sevir, Heç zaman möminlərini tərk etmir. Salehlər daim müdafiə olunacaq, Pislər nəsilliklə kəsilib atılacaq. |
29. | Salehlər ölkəni mülk olaraq alacaq, Onlar orada əbədi məskən salacaq. |
30. | Salehin ağzından hikmət çıxar, Dili haqq söz danışar. |
31. | Çünki Allahın qanunu ürəyindədir, Ayaqları büdrəmir. |
32. | Pis adam salehi güdür, Onu öldürmək üçün fürsət axtarır. |
33. | Rəbb salehi pisin əlinə düşməyə qoymaz, Ona ittiham oxunanda məhkum olmaz. |
34. | Rəbbi gözlə, Onun yolunu tut, O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən. |
35. | Münbit torpaqda yaşıl ağac tək bitən, Kök salan zalım, pis adamı görmüşdüm. |
36. | O keçib-getdi, yeri boş qaldı, Onu axtararkən tapa bilmədim. |
37. | Kamil adama bax, əməlisaleh insana nəzər yetir, Gələcək sülhsevən adama bəxş ediləcək. |
38. | Amma bütün üsyankarlar birlikdə yox olacaq, Pislərin kökü kəsiləcək. |
39. | Salehlərin qurtuluşu Rəbdəndir, Dar gündə onlara pənah yeridir. |
40. | Rəbb onların imdadına çatır, Onları qurtarıb pislərin əlindən alır, Çünki onlar Rəbbə pənah aparır. |
← Psalms (37/150) → |