| ← Psalms (35/150) → |
| 1. | Ya Rəbb, mənimlə çəkişənlərlə Sən çəkiş. Mənimlə döyüşənlərlə Sən döyüş. |
| 2. | Qalxan və sipərini əlinə al, Qalx, mənim imdadıma çat. |
| 3. | Nizəni tutub ardımca düşənlərin yolunu kəs, Qəlbimə söylə: «Səni qurtaran Mənəm». |
| 4. | Canımın qəsdinə duranlar Qoy utanıb rüsvay olsunlar, Mənə qarşı pis niyyəti olanlar Geri qovulub biabır olsunlar. |
| 5. | Saman çöpü tək olsunlar, onları yel sovursun, Rəbbin mələyi onları silib atsın. |
| 6. | Qoy yolları zülmət, sürüşkən olsun, Qoy Rəbbin mələyi onları qovsun. |
| 7. | Çünki nahaq yerə mənə tələ qurdular, Nahaqdan canım üçün quyu qazdılar. |
| 8. | Qoy başlarına qəfil fəlakət gəlsin, Qurduqları tələyə özləri düşsün, Hazırladıqları bəlaya düçar olsunlar. |
| 9. | Onda canım Rəblə şad olacaq, Məni qurtardığı üçün qəlbim fərəh tapacaq. |
| 10. | Bütün varlığımla belə deyəcəyəm: «Ya Rəbb, Sənin kimisi varmı? Məzlumu ondan güclünün əlindən, Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən». |
| 11. | Amansız şahidlər qalxırlar, Yalandan üzümə dururlar. |
| 12. | Yaxşılığımın əvəzində onlardan yamanlıq görürəm, Əzizi ölən bir adama bənzəyirəm. |
| 13. | Vaxtı ilə onlar xəstələnərkən Çul geyib, oruc tutub canıma zülm edirdim, Başımı aşağı salıb dua edirdim. |
| 14. | Onları özümə dost və qardaş bilirdim. Anası üçün yas tutan adam tək Bükülüb hüznlə gəzirdim. |
| 15. | Lakin mən büdrəyərkən Bir yerə toplaşıb sevindilər. Tanımadığım əclaflar mənə qarşı toplaşdılar. Dayanmadan məni didirdilər, |
| 16. | Şikəstləri təhqir edən allahsızlar kimi Mənə dişlərini qıcayırdılar. |
| 17. | Ey Xudavənd, nə vaxta qədər buna baxacaqsan? Canımı məhv edilməkdən, Həyatımı bu gənc aslanlardan qurtar. |
| 18. | Çoxlu camaat arasında Sənə şükür edəcəyəm, Çoxsaylı xalq arasında Sənə həmd edəcəyəm. |
| 19. | Qoyma haqsız düşmənlərim mənə görə sevinsin, Mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun. |
| 20. | Çünki onlar sülh üçün danışmırlar, Sözləri ilə ölkənin dinc sakinlərinə fənd qururlar. |
| 21. | Ağızlarını üstümə iri açıb belə deyirlər: «Aha! Aha! Bax, öz gözümüzlə gördük». |
| 22. | Ya Rəbb, bunu gördün, indi susma, Ey Xudavənd, məndən uzaq durma. |
| 23. | Ey Xudavənd Allahım, oyan, qalx, Bu mübarizəmdən qoy mən haqlı çıxım. |
| 24. | Ədalətinə görə mənə bəraət qazandır, Ya Rəbb Allahım, qoyma mənə görə sevinsinlər. |
| 25. | Qoyma düşünsünlər: «Aha! Muradımıza çatmışıq!» Qoyma söyləsinlər: «Onun başını yemişik!» |
| 26. | Pis günümə şadlananlar Qoy utanıb biabır olsunlar, Qarşımda qürrələnənlər Xəcalətə, rüsvayçılığa bürünsünlər. |
| 27. | Mənim haqlı çıxmağımı istəyənlər Sevinib Səni mədh etsinlər. Daim belə söyləsinlər: «Öz qulunun əmin-amanlığını istəyən Rəbb ucalsın!» |
| 28. | Dilim Sənin salehliyindən deyəcək, Daim Sənə həmd edəcəyəm! |
| ← Psalms (35/150) → |