← Psalms (34/150) → |
1. | Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək. |
2. | Rəblə könlüm fəxr edir, Ey məzlumlar, eşidib sevinin! |
3. | Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq. |
4. | Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi. |
5. | Rəbbə baxan nur saçar, Üzü qızarmaz. |
6. | Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, Bütün əzablarımdan məni xilas etdi. |
7. | Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər. |
8. | Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər! |
9. | Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz. |
10. | Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər. |
11. | Gəlin, ey övladlar, məni dinləyin, Rəbb qorxusunu sizə öyrədim: |
12. | Kim həyatdan kam almaq istəyirsə, Uzun ömür sürüb xoş gün görmək istəyirsə, |
13. | Qoy dilini şərdən, Ağzını fırıldaq üçün işlətməkdən qorusun, |
14. | Qoy şərdən çəkinib yaxşılıq etsin, Sülhü axtarıb ardınca getsin! |
15. | Rəbbin gözü salehlərin üzərindədir, Qulaqları onların fəryadlarına açıqdır. |
16. | Rəbbin üzü şər iş görənlərə qarşıdır, Yer üzündə onlardan nişanə qoymayacaq. |
17. | Salehlər fəryad çəkəndə Rəbb eşidir, Onları bütün əzablarından azad edir. |
18. | Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır. |
19. | Salehlər çox bəlaya düçar olar, Lakin Rəbb onları hər birindən qurtarır. |
20. | Rəbb onların hər bir sümüyünü qoruyur, Heç biri zədələnməz. |
21. | Pislər öz şəri ilə məhv olacaq, Salehə nifrət edən məhkum olacaq. |
22. | Rəbb qullarının canını azad edir, Rəbbə pənah gətirən məhkum olmur. |
← Psalms (34/150) → |