← Psalms (32/150) → |
1. | Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır! |
2. | Rəbb tərəfindən təqsirkar sayılmayan, Qəlbində hiylə olmayan insan Nə bəxtiyardır! |
3. | Etiraf etməyəndə Bütün gün nalə çəkməkdən Sümüklərim taqətdən düşdü. |
4. | Əlin üzərimdə gecə-gündüz ağırlaşdı, Sanki yayın quraqlığı məni taqətdən saldı. Sela |
5. | Sonra Sənə günahımı etiraf etdim, Təqsirlərimi gizlətmədim. Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm». Təqsirimi, günahımı bağışladın. Sela |
6. | Buna görə hər bir mömin Səni tapan zaman Sənə dua etsin. Azğın sellər daşsa da, Möminə toxunmaz. |
7. | Sığınacaq yerim Sənsən, Məni dardan hifz edirsən. Zəfər harayı ilə Ətrafımda dövr edirsən. Sela |
8. | Dedin: «Sənə təlim verəcəyəm, Gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, Gözüm sənin üstündə olacaq. |
9. | At yaxud qatır kimi Şüursuz olmayın. Cilov, yüyən vurulmasa, Onlar idarə edilə bilməz». |
10. | Pislərin başına çox bəla gələr, Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər. |
11. | Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin! Ey ürəyidüz olanlar, Onu mədh edin! |
← Psalms (32/150) → |