← Psalms (31/150) → |
1. | Ya Rəbb, Sənə pənah gətirirəm! Heç vaxt məni xəcalətdə qoyma, Ədalətinlə məni xilas et! |
2. | Qulağını mənə tərəf çevir, Məni tez azad et! Bir qaya ol, qoy sığınım, Möhkəm bir qala ol, qoy qurtulum. |
3. | Çünki qayam da Sən, qalam da Sənsən! Öz ismin naminə mənə yol göstərib rəhbərlik et. |
4. | Məni qarşımda qurulan gizli tordan hifz et, Çünki Sən mənim sığınacağımsan! |
5. | Ruhumu Sənin əlinə verirəm, Ya Rəbb, sadiq Allah, Sən məni azad et. |
6. | Boş şey olan bütlərə pərəstiş edənlərə nifrət edirəm, Mən Rəbbə güvənirəm. |
7. | Mən Sənin məhəbbətində Şad olub sevinəcəyəm, Çünki məzlum halımı görmüsən, Çəkdiyim əzabı bilmisən. |
8. | Məni düşmənə təslim etmədin, Genişlikdə gəzdirdin. |
9. | Ya Rəbb, mənə rəhm et, Çünki əzabdayam, Kədərdən gözüm, qəlbim, bədənim quruyub. |
10. | Ömrüm qüssə ilə, İllərim ah-nalə ilə keçir. Təqsirimə görə taqətim qalmayıb, Sümüklərim quruyub. |
11. | Bütün düşmənlərim mənə tənə edir, Qonşularımsa onlardan daha betərdir, Tanışlarım məni görərkən dəhşətə düşür, Məni küçələrdə görənlər məndən qaçır. |
12. | Ölü bir adam kimi unudulmuşam, Çilik-çilik qırılan bir qaba oxşayıram. |
13. | Çox adamların pıçıltısını eşidirəm, Hər tərəfimi dəhşət alıb, Hamı əleyhimə əlbir olub, Canımı almaq üçün qəsd qurub. |
14. | Ya Rəbb, yalnız Sənə güvənirəm, Dedim: «Allahımsan Sən». |
15. | Mənim hər anım Sənin əlindədir, Düşmənlərimin, təqibçilərimin əlindən Məni azad et. |
16. | Bəndənin üstünə üzünün nurunu sal, Məhəbbətinlə məni qurtar. |
17. | Ya Rəbb, məni xəcalətdə qoyma, Çünki Səni çağırıram. Qoy pislər utansın, Qoy ölülər diyarında səsləri batsın. |
18. | Təkəbbürlə, həqarətlə yalan danışan, Salehlərə böhtan atan dillər lal olsun! |
19. | Xeyirxahlığın nə qədər böyükdür! Bunu Səndən qorxanlar üçün saxladın. Bütün bəşər övladları qarşısında Sənə pənah gətirənlərə xeyirxahlıq etdin. |
20. | Onları insanların qəsdlərindən Hüzurunda sığındırırsan, Böhtançı dillərə qarşı çardağında gizlədirsən. |
21. | Qoy Rəbbə alqış olsun! Çünki mühasirəyə düşən şəhərdə Məhəbbətini xariqələrlə mənə göstərdi! |
22. | Mən təlaşa düşüb demişdim: «Sənin gözlərinin önündən kənara atıldım». Lakin Səni imdada çağıranda Yalvarış səsimi eşitdin. |
23. | Rəbbi sevin, siz ey bütün möminlər! Rəbb həmişə Ona sadiq qalanı qoruyur, Təkəbbürlü insana isə layiq olduğunu verir. |
24. | Ey Rəbbə ümid bağlayan bütün insanlar, Möhkəm olun, qoy ürəyiniz cəsarətli olsun! |
← Psalms (31/150) → |