| ← Psalms (30/150) → |
| 1. | Ya Rəbb, Səni ucaldıram, Çünki Sən məni qurtardın, Düşməni mənə görə sevinməyə qoymadın. |
| 2. | Ya Rəbb Allahım, Səni imdada çağırarkən Mənə şəfa verdin. |
| 3. | Ya Rəbb, canımı Ölülər diyarından azad etdin, Qəbirə düşməyim deyə Sən mənə həyat verdin. |
| 4. | Ey Rəbbin möminləri, Onu tərənnüm edin, Müqəddəsliyini yada salın, Ona şükürlər edin. |
| 5. | Çünki qəzəbi bir anlıq olur, Lütfü isə ömür boyu qalır. Kimin bir gecə gözündən yaş tökülərsə, Onun üçün sübh tezdən sevinc doğar. |
| 6. | Dinclik tapanda dedim: «Əsla sarsılmaram». |
| 7. | Ya Rəbb, lütfünlə məni Bir dağ kimi möhkəm etdin. Sonra məndən üz gizlətdin, Canıma vəlvələ düşdü. |
| 8. | Ya Rəbb, Səni çağırdım, Xudavəndə belə yalvardım: |
| 9. | «Qanımı töküb qəbirə düşsəm, Sənə fayda verərmi? Torpaq Sənə şükür edə bilərmi, Sədaqətini elan edə bilərmi? |
| 10. | Ya Rəbb, dinlə, mənə lütf et, Ya Rəbb, köməyimə çat». |
| 11. | Yasımı şənliyə çevirdin, Çulumu çıxarıb məni sevincə bürüdün. |
| 12. | Ona görə susmayacağam, Səni ucadan tərənnüm edəcəyəm. Ya Rəbb Allahım, Sənə daim şükür edəcəyəm! |
| ← Psalms (30/150) → |