← Psalms (29/150) → |
1. | Ey ilahi varlıqlar, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin! |
2. | Adına layiq olan izzəti Rəbbə verin, Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin! |
3. | Rəbbin səsi suların üzərindədir, Ehtişam Allahı gurlayar, Rəbb ümman suların üzərindədir. |
4. | Rəbbin səsi qüdrətlidir, Rəbbin səsi əzəmətlidir, |
5. | Rəbbin səsi sidr ağaclarını sındırar, Rəbb Livan sidrlərini qırar. |
6. | Livan dağlarını dana kimi, Siryon dağını çöl buğası kimi tullandırar. |
7. | Rəbbin səsi şimşəkləri çaxdırar, |
8. | Rəbbin səsi çölləri lərzəyə salar, Rəbb Qadeş çölünü lərzəyə salar. |
9. | Rəbbin səsi maralları doğuzdurar, Rəbbin səsi meşələri çılpaq qoyar. Məbədində hamı deyər: «Ehtişamlısan!» |
10. | Rəbb daşan sular üstündəki taxtında oturub, O, əbədi Padşahdır, taxtında oturub. |
11. | Rəbb Öz xalqına qüvvət verir, O, xalqına firavanlıq və bərəkət verir. |
← Psalms (29/150) → |