| ← Psalms (27/150) → |
| 1. | Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim? |
| 2. | Ətimi yemək üçün hücum edən şər adamlar – Yağılarım, düşmənlərim büdrəyərək yıxılarlar. |
| 3. | Bir ordu qarşımda düzülsə belə, ürəyim qorxmaz, Mənimlə döyüşsələr də, arxayınam. |
| 4. | Rəbdən bir arzum, bir istəyim var: Bütün ömrüm boyu Rəbbin evində yaşayım, Məbədində Rəbbin camalına baxım, Ona pərəstiş edim. |
| 5. | Dar gündə məni çardağında gizlər, Çadırının örtüyü ilə örtər, Qaya başındakı yüksək yerə gətirər. |
| 6. | İndi ətrafımdakı düşmənlərimin üzərində Qələbələr çalacağam, Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm, Onu ilahilərlə tərənnüm edəcəyəm. |
| 7. | Ya Rəbb, dinlə, Səni çağırıram, Lütf edib mənə cavab ver. |
| 8. | Sən dedin: «Üzümü axtarın». Ya Rəbb, mən Sənin üzünü axtarıram. |
| 9. | Üzünü məndən gizlətmə, Qulunu qəzəblə qovma. Mənə Sən kömək etmisən, Məni atma, tərk etmə, Ey məni qurtaran Allahım! |
| 10. | Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər. |
| 11. | Ya Rəbb, yolunu mənə öyrət, Düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et. |
| 12. | Məni düşmənlərin əlinə salma, Çünki yalançı şahidlər, zorakılar əleyhimə qalxdılar. |
| 13. | Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, Buna şübhəm yoxdur. |
| 14. | Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla! |
| ← Psalms (27/150) → |