← Psalms (25/150) → |
1. | Ya Rəbb, Sənə ürəyimi təqdim edirəm, |
2. | Ey Allahım, yalnız Sənə güvənirəm! Məni xəcalətdə qoyma, Qoy düşmənlərim mənə qalib gələrək sevinməsinlər. |
3. | Sənə ümid bağlayanlar heç zaman utanmasınlar, Haqsız xəyanətkarlarsa rüsvay olsunlar. |
4. | Ya Rəbb, yollarını mənə göstər, Öz yollarını mənə öyrət. |
5. | Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, Daim Səni gözləyirəm. |
6. | Ya Rəbb, əzəldən bəri var olan Mərhəmətini, məhəbbətini yada sal. |
7. | Gənclikdə günahkar, üsyankar oldum, Bunları yadına salma. Məni məhəbbətin naminə, Ya Rəbb, xeyirxahlığına görə yada sal! |
8. | Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir, |
9. | İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir. |
10. | Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var. |
11. | Ya Rəbb, ismin naminə məni bağışla, Təqsirim böyükdür. |
12. | Rəbdən qorxan kimdir? Rəbb ona yol seçməyi öyrədir. |
13. | O bəxtəvər yaşayacaq, Ölkə onun nəslinə irs olaraq qalacaq. |
14. | Rəbb Ondan qorxanlara sirrini açar, Onlara Öz əhdini öyrədər. |
15. | Həmişə gözüm Rəbdədir, Çünki O, ayaqlarımı tələdən xilas edir. |
16. | Üzünü mənə sarı çevir və lütfkar ol, Çünki tənhayam, zülm içindəyəm. |
17. | Qəlbimdəki qubar artıb, Məni dərdlərdən qurtar. |
18. | Əzab-əziyyətimə bax, Bütün günahlarımı bağışla. |
19. | Düşmənlərimə bax, gör nə qədər çoxalıb, Amansız nifrətlərinə hədəfəm. |
20. | Canımı qoru, məni qurtar, Sənə pənah gətirdiyimə görə qoyma rüsvay olum! |
21. | Qoy kamalla düzlük məni hifz etsin, Çünki Səni gözləyirəm. |
22. | Ey Allah, İsraili Bütün çətinliklərindən qurtar. |
← Psalms (25/150) → |