← Psalms (22/150) → |
1. | Ey Allahım, Allahım, niyə məni tərk etdin? Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən? |
2. | Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən, Gecə rahatlığım yoxdur. |
3. | Nə qədər müqəddəssən! İsrailin həmdləri üzərində taxt quran Sənsən! |
4. | Ata-babalarımız Sənə güvənmişdi, Sənə güvənəndə onları xilas etdin. |
5. | Sənə yalvararkən qurtuldular, Sənə güvənərkən rüsvay olmadılar. |
6. | Lakin mən torpaq qurduyam, insan deyiləm, Adamların tənə hədəfiyəm, Xalq mənə xor baxır. |
7. | Məni hər görən lağ edir, Dodaq büzüb, başını yırğalayıb belə deyir: |
8. | «Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin». |
9. | Lakin bətndən dünyaya məni gətirən, Ana qucağında ikən mənə əminlik verən Sənsən. |
10. | Doğulandan bəri Səndən asılıyam, Ana bətnindən bəri Allahım Sənsən. |
11. | Məndən uzaq durma, çünki əzab yaxındır, Köməyimə çatan yoxdur. |
12. | Nə qədər buğa məni dövrəyə salıb, Güclü Başan buğaları yan-yörəmi bürüyüb. |
13. | Yırtıcı aslanlar kimi nərə çəkirlər, Məni parçalamaq üçün ağızlarını açırlar. |
14. | Mən su kimi töküldüm, Bütün sümüklərim oynaqlarından çıxdı, Köksümdəki ürəyim mum kimi əridi. |
15. | Saxsı parçası kimi gücüm qurudu, Dilim damağıma yapışdı, Sən məni torpağa salıb ölüm verdin. |
16. | Şər insanlar dəstəsi məni dövrəyə aldı, İt sürüsü kimi yan-yörəmi bürüdülər, Ayaqlarımı, əllərimi deşdilər. |
17. | Sümüklərimi saya bilirəm, Onlar baxırlar, gözlərini mənə zilləyirlər! |
18. | Aralarında paltarlarımı bölüşdürürlər, Geyimim üçün püşk atırlar. |
19. | Ya Rəbb, uzaq durma, Ey mənim Qüdrətlim, dadıma tez çat! |
20. | Həyatımı qılıncdan qurtar, Canımı itlərin caynağından qurtar, |
21. | Məni aslanın ağzından xilas et! Çöl öküzləri məni buynuzlayarkən mənə cavab ver. |
22. | İsmini qardaşlarıma elan edəcəyəm, Camaat arasında Sənə həmd söyləyəcəyəm: |
23. | «Siz ey Rəbdən qorxanlar, Ona həmd edin, Ey bütün Yaqub nəsli, Onu şərəfləndirin, Siz ey İsrail nəsli, Ona ehtiram edin! |
24. | Çünki Rəbb bu məzlumun dərdinə xor baxmadı, Ondan ikrah edərək üzünü gizlətmədi, İmdada çağıranda səsinə cavab verdi». |
25. | Çoxlu camaat arasında həmd etdiyim Sənsən! Səndən qorxanların önündə əhd etdiyim təqdimləri verəcəyəm. |
26. | Qoy məzlumlar doyunca yesin, Rəbbi axtaranlar Ona həmd etsin! Qoy canınız həmişə sağ olsun! |
27. | Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər. Bütün millətlərin soyları Onun hüzurunda səcdə qılacaq. |
28. | Çünki hökmranlıq Rəbbindir, Millətlər üzərində səltənət sürən Odur! |
29. | Bütün dünya zənginləri yeyib-doyacaq, Rəbbin hüzurunda səcdə qılacaq. Torpağa düşənlərin hamısı – Özlərini ölümdən saxlaya bilməyənlər Onun hüzurunda diz çökəcəklər. |
30. | Gələcək nəsillər Ona qulluq edəcək, Xudavənd haqqında övladlarına deyəcək; |
31. | Onun ədalətini, Onun əməllərini Gələcəkdə doğulan xalqa bildirəcək. |
← Psalms (22/150) → |