| ← Psalms (19/150) → | 
| 1. | Göylər Allahın əzəmətini bəyan edir, Göy qübbəsi əllərinin işini elan edir. | 
| 2. | Hər gün ertəsi günə nəql edir, Hər gecə o biri gecəyə bilik verir. | 
| 3. | Onların nə nitqi, nə də sözləri var, Onların səsləri eşidilmir. | 
| 4. | Amma avazları bütün dünyaya yayılır, Sözləri yerin ucqarlarına çatır. Allah günəş üçün göylərdə çadır qurur, | 
| 5. | Günəş gərdəyindən bəy kimi çıxır, Qaçışa çıxan bir igid kimi şad olur. | 
| 6. | Bir tərəfdən çıxır, göylərdə dövrə vurur, Heç nə istisindən gizlənə bilmir. | 
| 7. | Rəbbin qanunu kamildir, canı təzələyir, Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir. | 
| 8. | Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir. | 
| 9. | Rəbb qorxusu safdır, əbədi yaşayır, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir. | 
| 10. | Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir, Onlar baldan, şanı balından da şirindir. | 
| 11. | Bəndən bunlardan nəsihət alar, Onlara əməl edənin bol mükafatı var. | 
| 12. | Kim öz səhvlərini duya bilər? Məni gizli təqsirlərimdən təmizlə. | 
| 13. | Qulunu aşkar günahlardan qoru, Qoyma onların hökmü altında qalım. Onda kamilliyə çataram, Bütün itaətsizliklərdən ayrılaram. | 
| 14. | Ağzımdan çıxan sözlər, Qəlbimdəki düşüncələr Hüzurunda qəbul olunsun. Ya Rəbb, ey Qayam və Satınalanım! | 
| ← Psalms (19/150) → |