← Psalms (18/150) → |
1. | O belə oxudu: Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm. |
2. | Rəbb qayam, qalam, xilaskarımdır, Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm. |
3. | Həmdə layiq Rəbbi çağıracağam, Düşmənlərimin əlindən qurtulacağam. |
4. | Ətrafımı ölüm ipləri bürümüşdü, Məni əcəl selləri ürkütmüşdü. |
5. | Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı. |
6. | Əzab içində Rəbbə yalvardım, Allahıma fəryad qopardım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa hüzuruna, Onun qulağına yetdi. |
7. | O zaman yer üzü sarsılıb titrədi, Dağların təməlləri lərzəyə gəldi, Onlar sarsıldı, Çünki O qəzəbləndi. |
8. | Burnundan tüstü çıxıb yüksəldi, Ağzından yandırıb-yaxan alov püskürdü, Bundan közlər tutuşdu. |
9. | O, göyləri yarıb yerədək endi, Qatı zülmət ayaqları altında idi. |
10. | Bir keruva minib uçdu, Yel qanadları üstə şığıdı. |
11. | Gizlənmək üçün ətrafını zülmətə bürüdü, Tufan qoparan qara buludlardan Özünə çardaq qurdu. |
12. | Hüzurundan şəfəq saçdı, Odlu közlər və dolu buludları yardı. |
13. | Rəbb göylərdə gurladı, Haqq-Taala səs saldı, Odlu közlər və dolu yağdı. |
14. | Oxlarını atıb düşmənləri darmadağın etdi, Şimşəyini çaxdırıb onları dağıtdı. |
15. | Ya Rəbb, Sənin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Suların dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı. |
16. | O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı. |
17. | Məni qüvvətli düşmənimdən azad etdi, Çünki yağılarım məndən güclü idi. |
18. | Fəlakətli günümdə qarşıma çıxdılar, Lakin Rəbb mənə dayaq oldu. |
19. | O məni genişliyə çıxardı, Məndən razı qalıb məni qurtardı. |
20. | Rəbb mənə salehliyim naminə ənam verdi, Mənə əlitəmizliyimin əvəzini verdi. |
21. | Çünki Rəbbin yolunu tutmuşam, Pis olub Allahımın yolundan azmamışam. |
22. | Onun bütün hökmləri önümdədir, Qaydalarından imtina etməmişəm. |
23. | Onunla mən kamala çatmışam, Özümü günahdan qorumuşam. |
24. | Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə əlitəmiz olmağımın əvəzini verdi. |
25. | Sədaqətlilərlə sədaqətlisən, Kamillərlə kamilsən. |
26. | Təmizlərlə təmizsən, Əyrilərlə əyriliyinə görə davranırsan. |
27. | İtaətkar insanları qurtarırsan, Təkəbbürlü baxışları alçaldırsan. |
28. | Ya Rəbb, Sən çırağıma işıq verirsən! Allahım Rəbb zülmətimi nura çevirir. |
29. | Səninlə qoşun üstünə hücum çəkirəm, Allahımla sədlər keçirəm. |
30. | Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb Ona sığınanların sipəridir. |
31. | Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki? |
32. | Allah məni qüvvəsi ilə bürüyər, Yolumu kamil edər. |
33. | Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrimdə saxlar. |
34. | Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanın yayını dartar. |
35. | Sən mənə qurtuluş qalxanını verdin, Mənə sağ əlinlə dayaq oldun, Köməyinlə məni yüksəltdin. |
36. | Geniş yer açdın ki, addımlayım, Ayaqlarım büdrəməsin. |
37. | Düşmənlərimi qovub onlara çatdım, Onlar məhv olanadək geriyə qayıtmadım. |
38. | Onları əzdim, qalxa bilmədilər, Ayaqlarımın altına sərildilər. |
39. | Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın. |
40. | Düşmənlərimin kürəyini mənə sarı çevirdin, Mənə nifrət edən yağıları məhv etdim. |
41. | Fəryad etsələr də, onları qurtaran olmadı, Rəbbi çağırsalar da, cavab almadılar. |
42. | Onları əzib külək sovuran toz etdim, Küçələrin palçığı kimi tapdaladım. |
43. | Sən məni xalqın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin. |
44. | Yadellilər mənə boyun əydilər, Səsimi eşidəndə mənə itaət etdilər. |
45. | Yadellilərin cəsarəti qırıldı, Titrəyərək sığınacaqlarından çıxdılar. |
46. | Rəbb əbədi yaşayır! Qayama alqış olsun! Məni qurtaran Allahım ucalsın! |
47. | O, Allahdır, mənə görə qisas alır, Xalqları mənə tabe etdirir. |
48. | O məni düşmənlərimin arasından xilas edir, Bəli, məni yağılar üstündə ucaldır, Məni zalımların əlindən qurtarır. |
49. | Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm. |
50. | Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər. |
← Psalms (18/150) → |