| ← Psalms (17/150) → |
| 1. | Ya Rəbb, haqq sözümü dinlə, fəryadımı eşit, Yalansız dilimdən çıxan duama qulaq as. |
| 2. | Gözlərinlə həqiqəti görürsən, Mənə haqq qazandır. |
| 3. | Gecə ikən qəlbimi yoxlayıb-araşdırdın, Məni sınaqdan keçirtdin, Heç nə tapmadın. Niyyətim budur ki, ağzım öz həddini aşmasın. |
| 4. | Sənin sözünə görə zalımların tutduğu yoldan, Bu insanların əməlindən özümü qorumuşam. |
| 5. | Sənin yolundan möhkəm tutmuşam, Sarsılmadan addımlamışam. |
| 6. | Səni çağırıram, ey Allah, mənə cavab verirsən, Qulağını mənə tərəf çevir, sözlərimi dinlə. |
| 7. | Məhəbbətinlə Sənə sığınanlara xariqələrini göstər, Sağ əlinlə onları düşmənlərdən qurtar. |
| 8. | Məni göz bəbəyin kimi qoru, Qanadlarının kölgəsində saxla |
| 9. | Məni dara salan şər insanlardan, Ətrafımı bürüyən, canıma düşmən olanlardan. |
| 10. | Onların ürəkləri qapalıdır, harınlayıblar, Ağızlarından lovğa-lovğa sözlər çıxarırlar. |
| 11. | İndi izimə düşüb məni mühasirəyə aldılar, Güdürlər ki, məni yerə vursunlar. |
| 12. | Onlar parçalamağa həris bir aslan kimidir, Pusquda duran cavan bir şir kimidir. |
| 13. | Ya Rəbb, qalx, Onların önündə dayan, Onları yerlə yeksan et. Qılıncınla bu pis insanlardan canımı qurtar. |
| 14. | Ya Rəbb, məni belə insanlardan, Nəsibi bu həyatda olanlardan Öz əlinlə xilas et! Qarınlarını xəzinənlə doldurursan, Onlar övladlarını doydurur, Nəvə-nəticələrinə də miras qoyur. |
| 15. | Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam. |
| ← Psalms (17/150) → |