| ← Psalms (16/150) → |
| 1. | Ey Allah, məni hifz et, Sənə pənah gətirmişəm. |
| 2. | Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən. Səndən başqa mənim xoşbəxtliyim yoxdur. |
| 3. | Yer üzünün müqəddəsləri isə nəcib insanlardır, Yalnız belələrindən zövq alıram. |
| 4. | Yad allahların ardınca qaçanların dərdi artacaq, Onlar üçün qan təqdimləri vermərəm, Adlarını dilimə gətirmərəm. |
| 5. | Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, Püşkümə düşən Səndən asılıdır. |
| 6. | Qismətimə gözəl yerlər düşdü, Bəli, mənə nemət nəsib oldu. |
| 7. | Mənə nəsihət verən Rəbbə alqış edirəm, Hətta gecələr də vicdanım mənə ağıl öyrədir. |
| 8. | Rəbbə əbədilik üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram. |
| 9. | Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur, Cismim əmin-amanlıqda yaşayır. |
| 10. | Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını qəbirə salmazsan. |
| 11. | Mənə həyat yolunu öyrədirsən, Doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər zaman səadət var». |
| ← Psalms (16/150) → |