| ← Psalms (148/150) → |
| 1. | Rəbbə həmd edin! Göylərdən Rəbbə həmd edin, Yüksəklərdən Ona həmd edin! |
| 2. | Ey Onun bütün mələkləri, Ona həmd edin! Ey Onun bütün orduları, Ona həmd edin! |
| 3. | Ey günəş, ey ay, Ona həmd edin! Ey parlayan bütün ulduzlar, Ona həmd edin! |
| 4. | Ey göylərin ən uca qatları, Ona həmd edin! Ey göy üzərindəki sular, Ona həmd edin! |
| 5. | Rəbbin isminə həmd etsinlər! Çünki Onun əmri ilə yaranıblar. |
| 6. | Rəbb onları həmişəlik, əbədi olaraq yerinə qoyub, Bunun üçün pozulmaz qayda qoyub. |
| 7. | Rəbbə həmd edin, ey yer üzündəkilər, Ey dəniz əjdahaları, ey bütün dərinliklər, |
| 8. | Ey şimşək, dolu, qar, buludlar, Ey Onun əmrinə tabe olan qasırğalar, |
| 9. | Ey dağlar, bütün təpələr, Ey bəhərli ağaclar, bütün sidr ağacları, |
| 10. | Ey çöl və ev heyvanları, Ey sürünənlər və uçan quşlar, |
| 11. | Ey dünya padşahları və bütün ümmətlər, Ey başçılar və dünyada olan bütün hakimlər, |
| 12. | Ey gənc oğlanlar və qızlar, Ey qocalar, cavanlar! |
| 13. | Hamınız Rəbbin isminə həmd edin! Çünki yalnız Onun ismi ucadır. Əzəməti göylərin, yerin üstündədir, |
| 14. | O, xalqına böyük qüvvət verib. Buna görə Ona həmd etsin Onun bütün möminləri, Əziz xalqı olan İsrail övladları! Rəbbə həmd edin! |
| ← Psalms (148/150) → |