← Psalms (147/150) → |
1. | Rəbbə həmd edin! Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır! O buna layiqdir, Ona həmdlər söyləmək xoşdur! |
2. | Rəbb Yerusəlimi bərpa edər, İsrailin əsarətdə olanlarını yığıb-gətirər. |
3. | O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar. |
4. | Ulduzların sayını hesablar, Hər birini öz adı ilə çağırar. |
5. | Xudavəndimiz əzəmətlidir, Qüvvəti çoxdur, dərrakəsi hədsizdir! |
6. | Rəbb məzlumları ayağa qaldırar, Pisləri isə toz-torpaq içinə atar. |
7. | Rəbbə şükür nəğməsi söyləyin, Allahımızı lira ilə tərənnüm edin! |
8. | O, göyləri buludlarla bürüyər, Yer üzünü yağışla təmin edər, Dağlarda ot bitirər. |
9. | O, heyvanlara yem verər, Çığırışan quzğun balalarını yemlər. |
10. | O, güclü atlardan zövq almaz, Qüvvətli addımlardan razı qalmaz. |
11. | Amma Rəbb Ondan qorxanlardan, Onun məhəbbətinə ümid bağlayanlardan razı qalar. |
12. | Ey Yerusəlim, Rəbbi mədh et! Ey Sion, Allahına həmd et! |
13. | Çünki darvazalarının cəftələrini bərkidər, Sənin əhalinə bərəkət verər. |
14. | Sərhədinə əmin-amanlıq, Sənə doyunca əla taxıl yetirər. |
15. | Kəlamını yer üzünə yollar, Onun sözü tez yayılar. |
16. | Ağ yun kimi qar yağdırar, Kül kimi qırov salar. |
17. | Parça-parça dolu tökər. Onun soyuğuna kim dözə bilər? |
18. | Buyruq verəndə buz əriyər, Külək əsdirəndə sular sel tək axar. |
19. | O, Yaqub nəslinə sözlərini, İsraillilərə qanun və hökmlərini bildirir. |
20. | Başqa millətlər üçün belə etməyib, Heç birinə hökmlərini bildirməyib. Rəbbə həmd edin! |
← Psalms (147/150) → |