| ← Psalms (145/150) → |
| 1. | Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm, İsminə sonsuza qədər alqış edəcəyəm. |
| 2. | Sənə hər gün alqış edəcəyəm, İsminə əbədilik həmd edəcəyəm. |
| 3. | Rəbb əzəmətlidir, bol həmdə layiqdir, Onun əzəməti insan ağlına sığmaz. |
| 4. | Əməllərin nəsildən-nəslə qədər mədh ediləcək, Qüdrətli işlərin bəyan ediləcək. |
| 5. | Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək, Xariqəli işlərini dərindən düşünəcəyəm. |
| 6. | İnsanlar zəhmli işlərinin qüdrətindən danışacaq, Sənin əzəmətini elan edəcəyəm. |
| 7. | İnsanlar Sənin bol xeyirxahlığını bəyan edəcəklər, Salehliyini mədh edəcəklər. |
| 8. | Rəbb lütfkar və rəhmlidir, Hədsiz səbirli və bol məhəbbətlidir. |
| 9. | Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər. |
| 10. | Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, Möminlərin Sənə alqış edəcək. |
| 11. | Padşahlığının əzəmətindən deyəcəklər, Qüdrətindən danışacaqlar. |
| 12. | Qoy bəşər övladları Sənin qüdrətini, Padşahlığının izzətini, əzəmətini bilsin. |
| 13. | Sənin padşahlığın əbədi padşahlıqdır, Səltənətin nəsildən-nəslə qədər uzanır. |
| 14. | Rəbb yıxılanların hamısına dayaqdır, Qəddi əyilənlərin hamısını qaldırır. |
| 15. | Ya Rəbb, hamının gözü Sənə baxır, Vaxtlı-vaxtında onlara azuqə verirsən. |
| 16. | Əlini açırsan, Bütün canlıları doyunca yedirirsən. |
| 17. | Rəbb bütün yollarında adildir, Hər işində sadiqdir. |
| 18. | Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır. |
| 19. | Ondan qorxanları murada çatdırar, Fəryadlarına qulaq asıb onları qurtarar. |
| 20. | Rəbb Onu sevənlərin hamısını hifz edər, Bütün pis adamlarınsa kökünü kəsər. |
| 21. | Mənim dilim Rəbbə həmd oxuyacaq, Qoy Onun müqəddəs isminə bütün bəşəriyyət əbədilik alqış etsin! |
| ← Psalms (145/150) → |