| ← Psalms (144/150) → |
| 1. | Alqış olsun Rəbbə, Qayama! Əllərimə döyüş təlimi, Barmaqlarıma müharibə təlimi verən Odur. |
| 2. | Mənə Məhəbbət göstərən, mənim Qalam, Qülləm, Xilaskarım, Qalxanım, Pənahgahım, Xalqımı mənə itaət etdirən Odur. |
| 3. | Ya Rəbb, insan kimdir ki, qayğısına qalırsan, Bəşər övladı kimdir ki, onu düşünürsən? |
| 4. | İnsan bir nəfəsə bənzər, Ömrü kölgə kimi keçib-gedər. |
| 5. | Ya Rəbb, göyləri yar, aşağı en, Dağlara toxun, qoy tüstülənsin. |
| 6. | Şimşəyini çaxdır, düşmənləri dağıt, Oxlarını yağdır, yağıları darmadağın et. |
| 7. | Göylərdən əl uzadıb dərin sulardan məni xilas et, Məni yadellilərin əlindən azad et. |
| 8. | Onların dili yalan danışar, Sağ əlləri yalandan and etmək üçün qalxar. |
| 9. | Ey Allah, Sənə yeni bir ilahi ilə şükür edəcəyəm, Səni ontelli çənglə tərənnüm edəcəyəm. |
| 10. | Sənsən padşahlara zəfər qazandıran, Qulun Davudu amansız qılıncdan qurtaran. |
| 11. | Məni yadellilərin əlindən xilas et, Sən məni azad et! Onların dili yalan danışar, Sağ əlləri yalandan and etmək üçün qalxar. |
| 12. | Qoy yeniyetmə oğullarımız sağlam fidan kimi boy atsın, Qızlarımız oyulmuş saray sütunları kimi gümrah olsun. |
| 13. | Anbarlarımız müxtəlif nemətlərlə dolub-daşsın, Otlaqda qoyunlarımız minlərlə, on minlərlə çoxalsın. |
| 14. | Naxırlarımız çoxlu balalar versin, Hasarlarımız dəlmə-deşiksiz olsun. İnsanlarımız əsir düşməsin, Meydanlarımız şivən səsinə bir daha bürünməsin. |
| 15. | Nə bəxtiyardır belə xeyir-dua alan xalq! Nə bəxtiyardır Allahı Rəbb olan xalq! |
| ← Psalms (144/150) → |