← Psalms (143/150) → |
1. | Ya Rəbb, eşit duamı, yalvararkən məni dinlə, Mənə sədaqətin, salehliyin naminə cavab söylə. |
2. | Qulunu məhkəməyə çəkmə, Bu bəşəriyyət içindən kimsə qarşında saleh çıxmaz. |
3. | Məni düşmən təqib etdi, Yerə vurdu, həyatım əldən getdi. Sanki lap çoxdan ölənlərin biriyəm, Bu düşmən məni zülmətə saldı. |
4. | Ona görə ruhdan düşmüşəm, Bu dəhşət qəlbimi sarsıtdı. |
5. | Qədim dövrlər yadıma düşür, Sənin bütün işlərini dərindən düşünürəm, Əməllərin barədə hey fikirləşirəm. |
6. | Sənə sarı əllərimi açmışam, Bir quraq torpaq kimi Sənin üçün susamışam. Sela |
7. | Ya Rəbb, mənə tez cavab ver, Çünki ürəyim çəkilir. Üzünü məndən gizlətmə, Qoyma qəbirə düşən insanlara bənzəyim. |
8. | Hər səhər məhəbbətini mənə hiss etdir, Çünki Sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət, Çünki varlığımı Sənə verirəm. |
9. | Ya Rəbb, məni düşmənlərdən qurtar, Sənə pənah gətirirəm. |
10. | Mənə Sənin iradənə əməl etməyi öyrət, Çünki mənim Allahım Sənsən. Sənin Ruhun yaxşıdır, Düz yer üçün mənə yol göstər. |
11. | Ya Rəbb, mənə ismin naminə həyat ver, Salehliyin naminə canımı dardan qurtar. |
12. | Məhəbbətin naminə yağılarımı məhv et, Canıma düşmən olanları qır, çünki mən Sənin qulunam. |
← Psalms (143/150) → |