| ← Psalms (139/150) → | 
| 1. | Ya Rəbb, məni yoxlayaraq tanıdın, | 
| 2. | Oturuşumu-duruşumu Özün bilirsən, Fikirlərimi uzaqdan duyursan. | 
| 3. | Getməyimə, yatmağıma nəzarət edirsən, Nə yollardan keçdiyimi bilirsən. | 
| 4. | Sözlərimi dilə gətirməmişdən əvvəl, Ya Rəbb, hamısını tamamilə bilirsən. | 
| 5. | Hər yandan məni əhatə etmisən, Öz əlini üzərimə qoymusan. | 
| 6. | Bu bilik əsrarəngizdir, məndən yüksəkdir, Bunu dərk edə bilmərəm. | 
| 7. | Hara gedim ki, Ruhun orada olmasın? Hara qaçım ki, hüzurunda olmayım? | 
| 8. | Əgər göylərə çıxsam, Sən oradasan, Ölülər diyarında yatsam, Sən oradasan. | 
| 9. | Qanad alıb gündoğana uçsam belə, Dənizi keçib günbatana qonsam belə, | 
| 10. | Sənin sağ əlin bələdçim olacaq, Sağ əlin məni qoruyacaq. | 
| 11. | Desəm də: «Qoy zülmət məni bürüsün, İşıq batsın, ətrafım gecəyə dönsün», | 
| 12. | Sənin qarşında zülmət batar, Önündə gecə də gündüz kimi nur saçar. Nurun, zülmətin Sənin üçün nə fərqi var? | 
| 13. | Sən mənim daxili üzvlərimi yaratmısan, Mənə ana bətnində quruluş vermisən. | 
| 14. | Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, Ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm. | 
| 15. | Mən gizli bir yerdə yaranarkən, Dünyanın dərin yerində yaranarkən Bədənim Səndən gizli qalmadı. | 
| 16. | Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan. | 
| 17. | Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, Onların sayı-hesabı yoxdur! | 
| 18. | Saysaydım onları, qum dənələrindən çox olardı, Oyananda yenə mən Səninləyəm. | 
| 19. | Ey Allah, kaş ki pisləri qıraydın, Qantökənlərin hamısı məndən uzaq olaydı, | 
| 20. | Onlar Sənə qarşı pis niyyətlə danışır, Düşmənlərin adına küfr edirlər! | 
| 21. | Ya Rəbb, Sənə nifrət edənlərə nifrət etmərəmmi? Əleyhdarlarından ikrah etmərəmmi? | 
| 22. | Onlara tamamilə nifrət edirəm, Onları özümə düşmən sayıram. | 
| 23. | Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil. | 
| 24. | Gör qəlbimdə pisliyə yol verirəmmi? Əbədi yolda mənə rəhbər ol! | 
| ← Psalms (139/150) → |