← Psalms (135/150) → |
1. | Rəbbə həmd edin! Rəbbin isminə həmd edin, Ey Rəbbin qulları, həmd edin! |
2. | Ey Rəbbin evində xidmət edənlər, Allahımızın evinin həyətində duranlar, |
3. | Rəbb yaxşıdır, Rəbbə həmd edin, O nə qədər şirindir, isminə tərənnüm oxuyun! |
4. | Çünki Rəbb Özü üçün Yaqubu seçdi, İsraili Özünə məxsus xalq olaraq seçdi. |
5. | Bilirəm, Rəbb əzəmətlidir, Xudavəndimiz bütün allahlardan üstündür. |
6. | Göylərdə, yer üzündə, Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər. |
7. | Yerin ucqarlarından buludları qaldırar, Şimşəkləri çaxdırar, yağış yağdırar, Küləkləri öz mənbələrindən çıxarar. |
8. | Rəbb Misirlilərin ilk oğullarını qırdı, Hər insanın, hər heyvanın ilk balasını öldürdü. |
9. | Ey Misir, sənin daxilində, Fironla bütün əyanlarının üzərində O, əlamətlərini, möcüzələrini göstərdi. |
10. | Nə qədər millətləri qırdı, Qüdrətli padşahları öldürdü. |
11. | Emorluların padşahı Sixonu, Başan padşahı Oqu, Bütün Kənan padşahlarını qırdı. |
12. | Onların torpaqlarını, mülklərini Öz xalqı İsrailə irs olaraq verdi. |
13. | Ya Rəbb, ismin əbədidir! Ey Rəbb, şöhrətin nəsillərdən-nəsillərə çatır! |
14. | Rəbb xalqına haqq verəcək, Qullarına rəhm edəcək. |
15. | Amma millətlərin bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir. |
16. | Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür, |
17. | Qulaqları var, eşitmir, Ağızlarından nəfəs gəlmir. |
18. | Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar. |
19. | Ey İsraillilər, Rəbbə alqış edin! Ey Harun nəsli, Rəbbə alqış söyləyin! |
20. | Ey Levi nəsli, Rəbbə alqış edin! Ey Rəbdən qorxanlar, Ona alqış söyləyin! |
21. | Rəbbə Siondan alqış oxunsun! Rəbb Yerusəlimdə yaşayır! Rəbbə həmd edin! |
← Psalms (135/150) → |