| ← Psalms (132/150) → | 
| 1. | Ya Rəbb, Davudu, Çəkdiyi bütün əzabları, | 
| 2. | Rəbbə etdiyi andı, Yaqubun qüdrətli Allahına etdiyi əhdi yada sal. | 
| 3. | O dedi: «Öz evimdə yaşamaram, Yatağımda yatmaram, | 
| 4. | Gözümə yuxu getməz, Gözlərimi yummaram | 
| 5. | Rəbbə layiq bir yer, Yaqubun qüdrətli Allahına bir məskən tapana qədər». | 
| 6. | Əhd sandığının Efratada olduğunu eşitdik, Onu Yaar tarlalarında tapdıq. | 
| 7. | Dedik: «Gəlin, Onun məkanına gedək, Kətilində səcdə edək». | 
| 8. | Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgə İstirahət edəcəyin yerə qalx. | 
| 9. | Kahinlərin həqiqətə bürünsün, Möminlərin Səni mədh etsin. | 
| 10. | Qulun Davudun xatirinə Məsh etdiyindən üz döndərmə. | 
| 11. | Rəbb Davuda sədaqətlə and içdi, Bu andından dönməz: «Belindən gələn oğullarından birini Səndən sonra taxtında oturdacağam. | 
| 12. | Əgər övladların əhdimə, Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, Onların oğulları da Sonsuza qədər sənin taxtında oturacaq». | 
| 13. | Çünki Rəbb Sionu seçdi, Orada Öz məskənini salmaq istədi. | 
| 14. | Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, İstəyirəm ki, burada məskən salım. | 
| 15. | Bu yerə bol ruzi-bərəkət verəcəyəm, Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm. | 
| 16. | Kahinlərini zəfərə bürüyəcəyəm, Möminləri sevinclə mədh oxuyacaq. | 
| 17. | Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, Məsh etdiyim üçün bir çıraq hazır etmişəm. | 
| 18. | Düşmənlərini xəcalətə salacağam, Lakin onun tacı nur saçacaq». | 
| ← Psalms (132/150) → |