| ← Psalms (12/150) → |
| 1. | Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, Bəşər övladları arasında vəfalılar qurtarıb. |
| 2. | Hər kəs başqasına yalan söyləyir, Ağzı yalan danışır, ikiüzlülük edir. |
| 3. | Qoy Rəbb yalan danışan hər ağzı yumsun, Hər lovğa dili kəssin! |
| 4. | Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq. Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər? |
| 5. | Rəbb deyir: «İndi qalxacağam, Çünki fəqirlərə zülm edilir, Məzlumlar nalə çəkir, qurtuluş istəyir. Mən bunu onlara verəcəyəm». |
| 6. | Rəbbin kəlamları pakdır, Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir. |
| 7. | Sən, ya Rəbb, onları qoru, Bu nəsildən onların hər birini əbədilik hifz et. |
| 8. | Bəşər övladları arasında namərdlik artarkən Hər yanda pislər gəzər. |
| ← Psalms (12/150) → |