← Psalms (119/150) → |
1. | Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar. |
2. | Nə bəxtiyardır Onun göstərişlərinə əməl edənlər, Bütün qəlbi ilə Onu axtaranlar. |
3. | Həqiqətən, onlar fitnəkarlıq etməzlər, Rəbbin yolunda gəzərlər. |
4. | Sən qayda-qanunlarını qoydun, Bunlara bağlı qalmağı buyurdun. |
5. | Sənin qaydalarına bağlı qalmaq üçün Kaş tutduğum yolda möhkəm olaydım. |
6. | Onda xəcalət çəkməzdim, Sənin bütün əmrlərindən gözümü çəkməzdim. |
7. | Adil hökmlərini öyrənərkən Sənə düz qəlblə şükür edəcəyəm. |
8. | Sənin qaydalarına əməl edəcəyəm, Sən məni tamamilə tərk etmə! |
9. | Bir cavan yolunu necə təmiz saxlaya bilər? – Sənin sözlərinə bağlı qalmaqla. |
10. | Bütün qəlbimlə Səni axtarmışam, Qoyma əmrlərindən çıxım. |
11. | Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam. |
12. | Ya Rəbb, Sənə alqış olsun! Qaydalarını mənə öyrət. |
13. | Ağzından çıxan hər hökmü Dilimlə bəyan edirəm. |
14. | Göstərişlərinin ardınca gedərkən sevinirəm, Elə bil bolluca var-dövlətə çatmışam. |
15. | Qayda-qanunlarını dərindən düşünürəm, Sənin yollarından gözümü çəkmirəm. |
16. | Qaydalarından zövq alıram, Sözünü unutmuram. |
17. | Quluna comərdliyini göstər, Qoy yaşayım və sözünə bağlı qalım. |
18. | Gözlərimi aç ki, Qanununun xariqələrini görüm. |
19. | Əmrlərini məndən gizlətmə, Çünki mən bu dünyada bir qəribəm, |
20. | Hökmlərinin həsrətini çəkməkdən Hər zaman ürəyim ağrıyır. |
21. | Sənin əmrlərindən çıxan lovğaları məzəmmət etdin, Çünki onlar lənətləndi. |
22. | Həqarəti, tənəni məndən uzaq et, Göstərişlərinə əməl etmişəm. |
23. | Başçılar yığılıb mənim üçün qəsd qurdular, Lakin mən qulun qaydalarını dərin düşünürəm. |
24. | Göstərişlərin mənə zövq verir, Onlar mənim məsləhətçilərimdir. |
25. | Mən torpağa düşmüşəm, Öz sözünə görə məni həyata qaytar. |
26. | Keçdiyim yolları Sənə bəlli edəndə cavab verdin, Mənə qaydalarını öyrət. |
27. | Qayda-qanunlarının yollarını mənə Özün izah et, Xariqələrin barədə dərin düşünüm. |
28. | Kədərdən canım üzülüb, Öz sözünə görə mənə güc ver. |
29. | Məni yanlış yoldan uzaqlaşdır, Qanununa görə mənə lütf göstər. |
30. | Mən sədaqət yolunu seçdim, Hökmlərini gözümün önünə gətirdim. |
31. | Sənin göstərişlərindən yapışmışam, Ya Rəbb, qoyma xəcalətli qalım. |
32. | Qəlbimin düşüncəsini genişləndirərkən Əmrlərinin yolu ilə getməyə səy göstərəcəyəm. |
33. | Ya Rəbb, Sən mənə qaydalarının yolunu öyrət, Onlara axıradək əməl edəcəyəm. |
34. | Mənə ağıl ver, qanununa görə yaşayım, Bütün qəlbimlə ona bağlanım. |
35. | Mənə əmrlərinin yollarını göstər, Bu yollardan zövq alaram. |
36. | Qəlbimi haram qazanca deyil, Göstərişlərinə tərəf yönəlt. |
37. | Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et. |
38. | Səndən qorxanlara verdiyin vədini Qulun üçün həyata keçirt. |
39. | Qorxduğum tənələri məndən sovuşdur, Sənin hökmlərin nə yaxşıdır! |
40. | Qayda-qanunlarının həsrətini çəkirəm, Salehliyinlə məni yaşat. |
41. | Ya Rəbb, mənə məhəbbətini göstər, Kəlamına görə məni qurtar! |
42. | Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm, Çünki Sənin sözlərinə güvənirəm. |
43. | Qoy həqiqət kəlamı dilimdən düşməsin, Çünki Sənin hökmlərinə ümid bağlamışam. |
44. | Daim, əbədi olaraq Qanununa bağlı qalacağam. |
45. | Azad gəzib-dolaşacağam, Çünki qayda-qanunlarını axtarmışam. |
46. | Padşahların hüzurunda göstərişlərindən danışacağam, Bundan utanmayacağam. |
47. | Sənin əmrlərindən zövq alıram, Onları sevirəm. |
48. | Sevdiyim əmrlərinə tərəf əl açacağam, Sənin qaydalarını dərindən düşünəcəyəm. |
49. | Sən quluna verdiyin sözü xatırla, Bu sözünlə mənə ümid vermisən. |
50. | Əzab çəkəndə bundan təsəlli tapıram ki, Kəlamın məni həyata qaytaracaq. |
51. | Lovğalar mənə çox istehza etdilər, Amma Sənin qanunundan dönmədim. |
52. | Əzəldən var olan hökmlərini xatırladıqca, Ya Rəbb, bunlardan təsəlli tapıram. |
53. | Qanununu atan pisləri görərkən Qəzəb məni bürüyür. |
54. | Sənin qaydalarını bu qürbət eldə İlahi tək oxuyuram. |
55. | Hər gecə adını yadıma salıram, Ya Rəbb, qanununa bağlı qalıram. |
56. | Bu mənə bir adət oldu, Sənin qayda-qanunlarını yerinə yetirdim. |
57. | Ya Rəbb, mənim nəsibimsən, Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm. |
58. | Bütün qəlbimlə Sənə yalvarıram, Sən Öz kəlamına görə mənə lütf göstər. |
59. | Tutduğum yollara nəzər salmışam, Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm. |
60. | Əmrlərinə bağlanmaq üçün tələsirəm, Bunun üçün ləngimirəm. |
61. | Pis adamlar mənə kəmənd atarkən Qanununu unutmadım. |
62. | Adil hökmlərinə görə Sənə şükür etmək üçün Gecə yarısı qalxıram. |
63. | Səndən qorxanların hamısı ilə, Qayda-qanunlarına bağlı qalanlarla dostam. |
64. | Ya Rəbb, yer üzü məhəbbətinə bürünüb, Mənə qaydalarını öyrət. |
65. | Ya Rəbb, verdiyin sözə görə Quluna xeyirxahlıq etmisən. |
66. | Mənə ağıl, bilik öyrət, Çünki əmrlərinə inanıram. |
67. | Əzaba düşməzdən əvvəl yoldan azırdım, Amma indi mən kəlamına bağlıyam. |
68. | Nə qədər yaxşısan, xeyirxahlıq edirsən! Mənə qaydalarını öyrət. |
69. | Lovğalar yalanları ilə mənə qara yaxırlar, Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm. |
70. | Onların ürəkləri piylənərək daş bağlayıb, Mənsə qanunundan zövq alıram. |
71. | Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm. |
72. | Ağzından çıxan qanun mənim üçün Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir. |
73. | Əllərinlə yaranmışam, mənə surət vermisən, Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim. |
74. | Səndən qorxanlar məni görərkən sevinsinlər, Çünki Sənin sözünə ümid bağlamışam. |
75. | Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir, Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur. |
76. | Quluna verdiyin kəlama görə Məhəbbətin mənə təsəlli versin. |
77. | Mənə mərhəmət et ki, yaşayım, Çünki qanunundan zövq alıram. |
78. | Mənim barəmdə yalan danışan lovğaları utandır, Çünki mən qayda-qanunlarını dərindən düşünürəm. |
79. | Səndən qorxanlar yanıma gəlsin, Onlar Sənin göstərişlərini bilənlərdir. |
80. | Qaydalarına görə mənim qəlbim kamil olsun, Qoy heç zaman xəcalət çəkməyim! |
81. | Qurtuluş həsrətini çəkməkdən qəlbimdə tab qalmayıb, Sözünə ümid bağlamışam. |
82. | Sözünün intizarından gözümün nuru sönür. Deyirəm: «Nə vaxt mənə təsəlli verəcəksən?» |
83. | Tüstü içindəki tuluq kimi oldum, Amma qaydalarını unutmuram. |
84. | Qulun daha nə qədər gözləsin? Məni təqib edənləri nə vaxt mühakimə edəcəksən? |
85. | Qanununu pozan lovğa insanlar Mənim üçün quyu qazıblar. |
86. | Sənin bütün əmrlərin etibarlıdır. Kömək et! Məni yalançı insanlar təqib edir. |
87. | Az qaldı ki, yer üzündən məni yox etsinlər, Lakin qayda-qanunlarından çıxmamışam. |
88. | Məhəbbətinə görə mənə həyat ver, Ağzından çıxan göstərişlərə bağlı qalım. |
89. | Ya Rəbb, sözün əbədidir, Göylərdədir, dəyişməzdir. |
90. | Sədaqətin nəsildən-nəslə çatır, Yer üzünü Sən qurmusan, möhkəm qalır. |
91. | Hökmlərinə görə bu günədək hər şey qalır, Onlar Sənin xidmətində dayanırlar. |
92. | Sənin qanunundan zövq almasaydım, Əzab çəkməkdən həlak olardım. |
93. | Qayda-qanunlarını heç vaxt unutmaram, Çünki onlarla məni həyata qaytarmısan. |
94. | Qurtar məni, mən Səninəm, Qayda-qanunlarını axtarmışam. |
95. | Pislər məni öldürmək üçün pusqu qurarkən Mən Sənin göstərişlərinin üzərində düşünürəm. |
96. | Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur, Sənin əmrlərin isə sərhəd tanımır. |
97. | Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm. |
98. | Əmrlərin məni düşmənlərimdən daha müdrik edir, Çünki onlar həmişə mənimlədir. |
99. | Bütün müəllimlərimdən daha aqil olmuşam, Çünki göstərişlərin üzərində dərindən düşünürəm. |
100. | Ağsaqqallardan da artıq dərrakəliyəm, Çünki qayda-qanunlarına əməl edirəm. |
101. | Ayağımı hər pis yoldan kənar qoydum ki, Sözlərinə bağlı qalım. |
102. | Hökmlərindən dönməmişəm, Çünki məni Sən belə öyrətmisən. |
103. | Vədlərin damağıma necə də ləzzət verir! Onlar dilimdə baldan şirindir. |
104. | Qayda-qanunlarına görə dərrakəliyəm, Buna görə hər yanlış yola nifrət edirəm. |
105. | Sözün addımıma çıraqdır, Yollarıma işıqdır. |
106. | Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm, Yerinə yetirəcəyəm. |
107. | Ya Rəbb, nə qədər əzab çəkmişəm! Öz sözünə görə həyatımı qoru. |
108. | Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et, Mənə Öz hökmlərini öyrət. |
109. | Həyatım daim təhlükəyə düşdü, Amma qanununu unutmadım. |
110. | Pislər mənə tələ quranda belə, Mən Sənin qayda-qanunlarını pozmadım. |
111. | Əbədilik Sənin göstərişlərinə malikəm, Çünki onlar qəlbimə sevinc verir. |
112. | Qəlbimi əbədilik, sonsuzadək Qaydalarına əməl etməyə meyl etdirmişəm. |
113. | İkiüzlü insanlara nifrət edirəm, Qanununu isə sevirəm. |
114. | Sən pənahgahım, sipərimsən, Sözünə ümid bağlamışam. |
115. | Siz ey pislər, məndən uzaq olun! Qoy Allahımın əmrlərinə əməl edim. |
116. | Kəlamınla mənə dayaq ol ki, yaşayım, Ümidim boşa çıxmasın, utanmayım. |
117. | Özün mənə dayaq ol, qoy mən nicat tapım, Sənin qaydalarını həmişə nəzərimdə tutum. |
118. | Qaydalarını atanları Özündən kənar edirsən, Çünki onların bütün fəndləri boşdur. |
119. | Yer üzünün bütün pislərini tullantı hesab edirsən, Buna görə göstərişlərini sevirəm. |
120. | Zəhmindən bədənim lərzəyə gəlir, Hökmlərindən çox qorxuram. |
121. | Ədalətli, düz işlər görmüşəm, Məni zülmkarlara təslim etmə. |
122. | Qulunun xeyri üçün zamin dur, Qoyma lovğa insanlar mənə zülm etsin. |
123. | Xilasını, haqq sözünə əməl olunmasını gözləməkdən Gözümün nuru sönür. |
124. | Quluna məhəbbət göstər, Qaydalarını mənə öyrət. |
125. | Qulunam, mənə ağıl ver ki, Sənin göstərişlərini dərk edim. |
126. | Ya Rəbb, insanlar qanununu pozdular, Vaxtı çatıb, onlar üçün bir tədbir gör. |
127. | Qızıldan, saf qızıldan çox Sənin əmrlərini sevirəm. |
128. | Bəli, bütün qayda-qanunlarına görə Mən düz yolla gedirəm, Bütün səhv yollarasa nifrət edirəm. |
129. | Göstərişlərinin heyrətamizliyinə görə Onlara ürəkdən əməl edirəm. |
130. | Kəlamının açıqlanması nur saçır, Hər nadanı ağıllandırır. |
131. | Ağız açıb ah-zar edirəm, Çünki əmrlərinin həsrətini çəkirəm. |
132. | Adını sevənlər üçün etdiyin adətə görə Mənə bax və lütf göstər. |
133. | Kəlamınla addımlarımı möhkəmləndir, Qoy heç bir təqsirim mənə hakimlik etməsin. |
134. | Məni insanların zülmündən qurtar, Qoy Sənin qayda-qanunlarına bağlı qalım. |
135. | Üzün qulunun üstünə nur saçsın, Sən mənə qaydalarını öyrət. |
136. | Gözlərimdən sellər kimi yaş axır, Çünki insanlar qanununa bağlı qalmırlar. |
137. | Ya Rəbb, adilsən, Hökmlərin doğrudur. |
138. | Buyurduğun göstərişlər ədalətlidir, Onlar tamamilə etibarlıdır. |
139. | Qeyrətim məni yandırıb-yaxıb, Çünki düşmənlərim Sənin sözlərini unudub. |
140. | Sənin kəlamın çox safdır, Bu qulun onu sevir. |
141. | Kiçik sayılsam da, mənə xor baxsalar da, Qayda-qanunlarını unutmamışam. |
142. | Salehliyin əbədi salehlikdir, Sənin qanunun həqiqətdir. |
143. | Başıma sıxıntı və məşəqqət gəldi, Amma Sənin əmrlərin mənə zövq verdi. |
144. | Sənin göstərişlərin həmişə ədalətlidir, Mənə ağıl ver ki, yaşayım. |
145. | Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm, Sənin qaydalarına əməl edəcəyəm. |
146. | Səni səslədim, məni qurtar, Qoy göstərişlərinə bağlı qalım. |
147. | Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram, Çünki ümidimi Sənin sözlərinə bağlayıram. |
148. | Gecə boyu gözümə yuxu getmir, Kəlamını dərindən düşünürəm. |
149. | Məhəbbətinə görə mənim səsimi eşit, Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et. |
150. | Şər ardınca qaçanlar mənə yaxınlaşdılar, Onlar Sənin qanunundan uzaqlaşdılar. |
151. | Ya Rəbb, Sən mənə yaxınsan, Bütün əmrlərin həqiqətdir. |
152. | Göstərişlərini lap əvvəldən öyrənirəm, Əbədi qalsın deyə öyüdlərini verdin. |
153. | Çəkdiyim əzabı gör, məni qurtar, Çünki qanununu unutmamışam. |
154. | Münaqişəmi həll edib Özün məni azad et, Mənə kəlamına görə həyat bəxş et. |
155. | Pislər qurtuluşdan uzaqdır, Çünki onlar Sənin qaydalarını axtarmırlar. |
156. | Ya Rəbb, mərhəmətin çoxdur, Hökmlərinə görə məni yaşat. |
157. | Düşmənlərim, məni təqib edənlər çoxdur, Lakin Sənin göstərişlərindən dönmədim. |
158. | Bu xainlərə ikrahla baxıram, Çünki Sənin vədinə bağlı qalmayıblar. |
159. | Sənin qayda-qanunlarını gör nə qədər sevirəm, Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver. |
160. | Sözlərinin mahiyyəti həqiqətdir, Bütün ədalətli hökmlərin əbədidir. |
161. | Başçılar boş yerə məni təqib edir, Amma ürəyim Sənin sözlərindən qorxur. |
162. | Çoxlu qənimət tapan bir insan kimi Sənin kəlamın məni sevindirir. |
163. | Yalandan zəhləm gedir, iyrənirəm, Çünki qanununu sevirəm. |
164. | Ədalətli hökmlərinə görə Hər gün yeddi dəfə Sənə həmd edirəm. |
165. | Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, Onlar heç nə ilə büdrəməzlər. |
166. | Ya Rəbb, xilasına ümid bəsləmişəm, Əmrlərinə əməl etmişəm. |
167. | Göstərişlərinə ürəkdən bağlanmışam, Onları çox sevirəm! |
168. | Qayda-qanunlarına, göstərişlərinə bağlı qalıram, Çünki bütün yollarım Sənin hüzurundadır. |
169. | Ya Rəbb, mənim fəryadım qoy Sənə çatsın, Mənə Öz sözünə görə ağıl ver. |
170. | Qoy yalvarışım hüzuruna çatsın, Məni Öz kəlamınla azad et. |
171. | Qoy dilimdən həmdlər tökülsün, Mənə qaydalarını öyrətmisən. |
172. | Sənin kəlamını dilim tərənnüm etsin, Çünki Sənin bütün əmrlərin ədalətlidir. |
173. | Sənin əlin mənə kömək etsin, Çünki Sənin qayda-qanunlarını seçdim. |
174. | Ya Rəbb, qurtuluşun üçün həsrət çəkirəm, Qanunundan zövq alıram. |
175. | Mənə həyat bəxş elə, qoy Sənə həmd oxuyum, Hökmlərin qoy mənə kömək olsun. |
176. | İtən quzu kimi azmışam, qulunu axtar, Çünki əmrlərini unutmamışam. |
← Psalms (119/150) → |