← Psalms (118/150) → |
1. | Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir! |
2. | Qoy İsraillilər belə desin: «Çünki məhəbbəti əbədidir!» |
3. | Harun nəsli belə desin: «Çünki məhəbbəti əbədidir!» |
4. | Qoy Rəbdən qorxanlar belə söyləsin: «Çünki məhəbbəti əbədidir!» |
5. | Sıxıntı içində Rəbbi çağırdım, Cavab verib məni genişliyə çıxartdı. |
6. | Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər? |
7. | Rəbb mənimlədir, mənə yardım edər, Mənə nifrət edənlərin aqibətini görəcəyəm. |
8. | Rəbbə pənah gətirmək İnsana güvənməkdən yaxşıdır. |
9. | Rəbbə pənah gətirmək Əsilzadələrə güvənməkdən yaxşıdır. |
10. | Bütün millətlər məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım. |
11. | Hər tərəfdən məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım. |
12. | Arılar tək məni mühasirəyə aldılar, Lakin kol-kos kimi alışıb tez söndülər, Rəbbin ismi ilə onları qırdım. |
13. | Möhkəm təzyiq altında yıxılmağıma az qalmışdı, Lakin Rəbb imdadıma çatdı. |
14. | Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi! |
15. | Salehlərin çadırlarından zəfər nidası yüksəlir: «Rəbbin sağ əli qüdrətli işlər göstərir! |
16. | Rəbbin sağ əli necə əzəmətlidir! Rəbbin sağ əli qüdrətli işlər göstərir!» |
17. | Ölməyib sağ qalacağam, Rəbbin işlərini bəyan edəcəyəm. |
18. | Rəbb mənə möhkəm cəza verdi, Amma məni ölümə təslim etmədi. |
19. | Salehlik darvazalarını üzümə açın, Qoy oradan keçib Rəbbə şükür edim. |
20. | Bu, Rəbbin darvazasıdır, Oradan saleh insanlar keçəcək. |
21. | Ya Rəbb, Sənə şükür edirəm, Çünki cavab verərək məni xilas etmisən! |
22. | Bənnaların rədd etdiyi daş Guşədaşı olub. |
23. | Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir. |
24. | Bu günü Rəbb yaratdı, Onda sevinib şadlıq edək! |
25. | Aman, ya Rəbb, bizi qurtar! Aman, ya Rəbb, bizə uğur göndər! |
26. | Rəbbin ismi ilə gələnə alqış olsun! Sizə Rəbbin evindən xeyir-dua veririk. |
27. | Rəbb Allahdır, O, üzərimizə nur saçdı, Qurbangahın buynuzlarına bayram qurbanını bağlayın. |
28. | Allahım Sənsən, Sənə şükür edəcəyəm! Allahımsan, Səni yüksəldəcəyəm! |
29. | Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir! |
← Psalms (118/150) → |