← Psalms (116/150) → |
1. | Rəbbi sevirəm, Çünki O, yalvarışımı eşidir. |
2. | Səsimə qulaq asdığı üçün Nə qədər varam, Onu çağıracağam. |
3. | Ətrafıma ölüm bağları sarıldı, Ölülər diyarının sıxıntıları məni haqladı, Dərd-bəlalar məni tapdı. |
4. | O zaman Rəbbin adını çağırdım: «Ya Rəbb, amandır, canımı qurtar!» |
5. | Rəbb lütfkardır, ədalətlidir, Allahımız mərhəmətlidir. |
6. | Rəbb avam adamı qoruyur, O məni düşkünlüyə düçar olanda qurtardı. |
7. | Ey canım, rahat ol, Çünki Rəbb sənə comərdlik etdi. |
8. | Ya Rəbb, canımı ölümdən, Gözlərimi göz yaşından, ayağımı büdrəməkdən qurtardın. |
9. | İndi Rəbbin hüzurunda gəzib-dolaşıram, Dirilər arasındayam. |
10. | «Mən çox əzab çəkirəm» deyərkən İnamımı itirməmişdim. |
11. | Mən təlaşa düşüb belə demişdim: «Bütün insanlar yalançıdır». |
12. | Mənə etdiyi comərdliyə görə Rəbbin borcunu necə qaytara bilərəm? |
13. | Qurtuluş piyaləsini qaldıracağam, Rəbbin ismini çağıracağam. |
14. | Rəbbə Onun bütün xalqı qarşısında Əhd etdiyim təqdimləri verəcəyəm. |
15. | Rəbbin gözündə hər bir möminin Ölümü çox bahadır. |
16. | Aman, ya Rəbb, mən Sənin qulunam, Qulunam, kənizinin oğluyam, Buxovlarımı açmısan. |
17. | Sənə şükür qurbanları təqdim edəcəyəm, Rəbbin adını çağıracağam. |
18. | Rəbbə Onun bütün xalqı qarşısında Əhd etdiyim təqdimləri verəcəyəm |
19. | Rəbbin evinin həyətində, Ey Yerusəlim, sənin mərkəzində. Rəbbə həmd edin! |
← Psalms (116/150) → |