| ← Psalms (115/150) → |
| 1. | Bizi yox, ya Rəbb, bizi yox, Məhəbbətin, sədaqətin naminə Öz adını şərəfləndir. |
| 2. | Niyə millətlər belə desin: «Onların Allahı haradadır?» |
| 3. | Allahımız göylərdədir, Öz istədiyini edir. |
| 4. | Amma onların bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir. |
| 5. | Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür, |
| 6. | Qulaqları var, eşitmir, Burunları var, qoxu bilmir, |
| 7. | Əlləri var, hiss etmir, Ayaqları var, gəzə bilmir, Boğazlarından səs gəlmir. |
| 8. | Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar. |
| 9. | Ey İsraillilər, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz! |
| 10. | Ey Harun nəsli, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz! |
| 11. | Ey Rəbdən qorxanlar, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz! |
| 12. | Rəbb bizi unutmayıb, Bizə xeyir-dua verəcək – İsrail nəslinə xeyir-dua verəcək, Harun nəslinə xeyir-dua verəcək, |
| 13. | Kiçikdən böyüyə qədər Ondan qorxanlara xeyir-dua verəcək. |
| 14. | Qoy Rəbb sizi, Sizi və nəslinizi artırsın! |
| 15. | Rəbdən, göyləri və yeri Yaradandan Bərəkət alasınız! |
| 16. | Rəbb səmaya sahibdir, Yeri bəşər övladlarına verdi. |
| 17. | Ölənlər, sükut diyarına düşənlər Rəbbə həmd etmirlər. |
| 18. | Lakin biz Rəbbə alqış edirik İndidən sonsuzadək. Rəbbə həmd edin! |
| ← Psalms (115/150) → |