← Psalms (109/150) → |
1. | Ey tərənnüm etdiyim Allah, susma! |
2. | Çünki pislər, hiyləgərlər ağzını açıb Yalançı dilləri ilə məndən danışırlar. |
3. | Mənə hər tərəfdən nifrət dolu sözlər deyirlər, Nahaq yerə hücumlarına məruz qalıram. |
4. | Sevgimin əvəzinə mənə ittiham yağdırırlar, Mən isə dua etməkdəyəm. |
5. | Yaxşılığımın əvəzinə yamanlıq edirlər, Sevgimin əvəzinə nifrətlə cavab verirlər. |
6. | Belə adamın qarşısına bir pis insanı çıxar, Sağ tərəfində dayanıb onu ittiham etsin! |
7. | Hökm oxunanda o təqsirkar çıxsın, Qoy onun duası günah sayılsın! |
8. | Onun ömrü az olsun, Vəzifəsini başqası tutsun! |
9. | Övladları yetim, Arvadı isə dul qalsın! |
10. | Övladları didərgin düşüb dilənçi olsun, Yaşamağa xarabalıq belə, tapmasın! |
11. | Sələmçilər hər şeyini əlindən alsın, Nə qazanıbsa, yadellilər talayaraq aparsın! |
12. | Ona məhəbbət göstərən olmasın, Yetim qalan balalarına yazığı gələn tapılmasın! |
13. | Qoy onun nəsli kəsilsin, Gələcək nəslin arasından adları silinsin! |
14. | Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın, Anasının günahı heç zaman yuyulmasın! |
15. | Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar, Dünyadan izi-tozu silinsin, yada salınmasınlar! |
16. | Çünki məhəbbət göstərməyi unutdular, Məzlumu, fəqiri, qəlbisınıqları Həlak etmək üçün təqib etdilər. |
17. | Qarğış etməyi sevirdi, öz başına dönsün, Alqış etməyi sevmirdi, ona əli çatmasın! |
18. | Ondan əynindəki paltar kimi qarğış çıxardı, Qoy qarğışı su kimi canına, ilik kimi sümüklərinə hopsun! |
19. | Qarğışı onu əyninin libası kimi bürüsün, Hər gün belinə kəmər tək dolansın! |
20. | Məni ittiham edənlər, Mənim barəmdə pis sözlər söyləyənlər Rəbbin cəzasına gəlsinlər! |
21. | Lakin, ey Xudavənd Rəbb, ismin naminə Özün mənə qayğı göstər, O gözəl məhəbbətinə görə məni azad et. |
22. | Çünki mən məzlum və fəqir insanam, Köksümdəki ürəyimdən yaralanmışam. |
23. | Düşən kölgə kimi itirəm, Vurulub atılan çəyirtkəyə bənzəyirəm. |
24. | Bax oruc tutmaqdan dizlərim əsir, Bir dəri, bir sümük qalmışam. |
25. | Görənlər mənə lağ edir, Başlarını yelləyir. |
26. | Ya Rəbb Allahım, Sən mənə kömək et, Məhəbbətinə görə məni qurtar. |
27. | Bilsinlər ki, bu Sənin əlindədir, Ya Rəbb, Sən bunu edə bilərsən. |
28. | Qoy onlar qarğış etsinlər, Sən mənə xeyir-dua ver, Qoy onlar əleyhimə qalxarkən utansınlar. Sənin qulunam, qoy sevinim! |
29. | İttihamçılarım rüsvayçılığa bürünsünlər, Xəcaləti xalat kimi geyinsinlər. |
30. | Mənim dilim Rəbbə bol-bol şükür söyləyəcək, Xalq içində Ona həmd edəcək. |
31. | Çünki O, fəqirin sağ tərəfində dayanar ki, Edam hökmü verənlərin əlindən onu qurtarsın. |
← Psalms (109/150) → |