← Psalms (107/150) → |
1. | Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir! |
2. | Qoy belə söyləsin Rəbbin xilas etdikləri, Düşmən əlindən qurtardıqları, |
3. | Şərqdən, qərbdən, şimaldan və cənubdan – Ölkələrdən topladıqları. |
4. | Bəziləri səhrada, çöllükdə sərgərdan dolanırdılar, Yaşamaq üçün heç bir şəhər tapmırdılar. |
5. | Aclıqdan, susuzluqdan Canlarının taqəti getmişdi. |
6. | Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı. |
7. | Yaşamaq üçün onlar bir şəhərə çatanadək Onları düz yolla apardı. |
8. | Rəbbə şükür etsinlər məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə! |
9. | Çünki O, susuzlara doyunca su verər, Acları bol nemətlərlə bəslər. |
10. | Bəziləri əsir düşüb zülmətdə yaşayırdı, Zəncirlənib qaranlıqda, əziyyətdə qalırdı. |
11. | Çünki Allahın sözlərinə qarşı çıxmışdılar, Haqq-Taalanın məsləhətinə xor baxmışdılar. |
12. | Ona görə ağır işlə onların ürəklərinə əzab verdi, Yıxılanda heç kim onlara kömək etmədi. |
13. | Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı. |
14. | Onların buxovlarını qopardı, Zülmətdən, qaranlıqdan çıxardı. |
15. | Qoy şükür etsinlər Rəbbə məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə! |
16. | Çünki O, tunc qapıları qırar, Dəmir cəftələri qoparar. |
17. | Bəzilərinin ağlı çaşıb üsyankar oldu, Təqsirləri onları zülmə saldı. |
18. | Hər yeməkdən iyrəndilər, Ölüm qapılarına yaxın gəldilər. |
19. | Dara düşərkən Rəbbə fəryad qopardılar, Rəbb onları dərdlərindən qurtardı. |
20. | Kəlamını göndərib onlara şəfa verdi, Məzara düşməkdən onları xilas etdi. |
21. | Rəbbə şükür etsinlər məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə! |
22. | Qoy şükür qurbanlarını təqdim etsinlər, Əməllərinə mədh oxuyub bəyan etsinlər! |
23. | Bəziləri gəmilərlə dənizlərdə üzdülər, Dəryalarda böyük işlər gördülər. |
24. | Orada Rəbbin əməllərinə, Dərin sularda etdiyi xariqələrinə şahid oldular. |
25. | Çünki Onun əmri ilə qasırğa qopdu, Dənizin dalğaları qalxdı. |
26. | Gəmiçilər göyə qalxıb dərinə enirdi, Qorxudan canları əldən gedirdi. |
27. | Onlar sərxoş kimi yırğalanıb-səndələyirdi, Ağıllarına heç bir çarə gəlmirdi. |
28. | Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı. |
29. | Qasırğanı yatırdı, sükut gətirdi, Dalğaları sakit etdi. |
30. | Sakitlik yarananda onlar çox sevindilər, Rəbb də onları istədikləri limana çatdırdı. |
31. | Rəbbə məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə şükür etsinlər! |
32. | Qoy Onu xalqın toplantısında ucaltsınlar, Ona ağsaqqallar məclisində həmd etsinlər! |
33. | O, çayları qurudub səhra edər, Bulaqlar olan yeri quraq çölə döndərər, |
34. | Orada yaşayanların pisliyinə görə Münbit torpağı şoranlığa çevirər. |
35. | Səhranı gölməçəyə döndərər, Quraq torpaqdan bulaqlar çıxardar. |
36. | Oranı verər ki, aclar məskən salsınlar, Yaşamaq üçün özlərinə şəhər qursunlar, |
37. | Tarlanı əksinlər, üzümlüklər salsınlar. Bol məhsul götürsünlər. |
38. | Onun xeyir-duası ilə törəyib artırlar, Heyvanlarının sayı azalmır. |
39. | Sonra əzabdan, darlıqdan, bəlalardan Onlar azalıb alçaldılan an |
40. | Rəbb əsilzadələrin üstünə həqarət yağdırar, Onları sonsuz çöldə sərgərdan dolandırar. |
41. | Amma fəqiri zülm altından qaldırar, Övladlarını sürü kimi çoxaldar. |
42. | Bunu görən əməlisalehlər şad olar, Fitnə söyləyən ağızlarsa yumular. |
43. | Kimin ağlı varsa, qoy buna fikir versin, Qoy Rəbbin məhəbbətini dərk etsin! |
← Psalms (107/150) → |